"Ətlik-Südlük İstiqamətli Müasir Ailə-Fermer Təsərrüfatlarının Yaradılması" Layihəsi

Layihənin məqsədi Bərdə, Ağcabədi və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-fermer təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, eyni zamanda müvafiq sahədə bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Layihənin ümumi dəyəri 1,337,100 ABŞ dolları
Layihənin maliyyə mənbələri Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsinin Revolver Fondu
Layihənin icra müddəti 2015-2019

XƏBƏRLƏR

İCMAL

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə cari ilin mart ayında “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” mikro-layihə işlənib hazırlanmışdır.

Layihənin məqsədi Bərdə, Ağcabədi və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-fermer təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, eyni zamanda müvafiq sahədə bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur. Bundan başqa Layihə iribuynuzlu heyvanlardan ibarət müasir ailə-fermer heyvandarlıq təsərrüfatlarının yaradılması yolu ilə pay torpaqlarından səmərəli istifadə edilməklə kənd əhalisinin məşğulluğunun və ğəlirlərin artırılması, eyni zamanda ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.

Layihə çərçivəsində hədəf ərazilərdə seçilmiş pay torpaqlara sahib fermerlərə ətlik-südlük istiqamətli Simmental cinsli iribuynuzlu heyvanların verilməsi nəzərdə tutulmuşdur  ki, bu cins heyvanların gündəlik süd məhsuldarlığı yerli cinslərdən 2-3 dəfə artıq olaraq 20-22 litr təşkil edəcəkdir. Fermerlərə yüksək məhsuldarlığa malik iribuynuzlu heyvanlar güzəştli şərtlərlə verilmişdir. Layihə tərəfdaşlarının seçim meyarlarına fermerlərin yem bazasının təşkil edilməsi üçün yemlik istiqamətli bitkilərin əkilməsi məqsədi ilə pay torpaqlarına sahib olmaları, heyvandarlıq təcrübələrinə malik olmaları, yaradılacaq könüllü ictimai birliklərdə birgə fəaliyyət göstərmək istəyinə malik olmalarıdır.

Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi  tərəfindən fermerlərə heyvandarların müasir təsərrüfatçılıq təcrübəsi, o cümlədən yem istehsalı və yem bitkilərinin əkinçiliyi, heyvanların saxlama şəraitinin zoogigiyenik tələblərə uyğunlaşdırılması, istehsal edilən məhsulun marketinqinin təşkili, heyvandarların könüllü birliklər formasında birləşməsi və mövcud ehtiyatlardan səmərəli istifadə sahəsində texniki dəstək veriləcəkdir.

Mikro-layihələrin maliyyələşdirilməsi məqsədilə “Kənd Yerlərinin Kompleks İnkişaf” layihəsi çərçivəsində Bank Olmayan Kredit Təşkilatları (BOKT) vasitəsi ilə fermerlərə illik 13 faiz dərəcəsi, güzəşt müddəti 18 ayadək, ümuumi müddəti 4 ilədək olmaqla girovsuz kreditlərin verilməsi nəzərdə tutulur. Kreditlər tranşlarla BOKT-ların nəzarəti altında istifadə ediləcəkdir. Ayrılmış kreditin təminatı kimi fermerlərin istehsal etdikləri heyvandarlıq məhsullarının satışından əldə olunacaq vəsait nəzərdə tutulur. Bu barədə BOKT-larla görüşlər keçirilmiş və müəyyən razılıq əldə olunmuşdur.

Ailə-fermer təsərrüfatının daxilində süd məhsullarının emalı və ailə brendi  formasında məhsulların (məsələn, pendir, qatıq, ayran, dovğa və s.) istehsalı da istisna edilmir. Məntəqələrin isə süd emalı müəssisələri ilə əlaqəsi ictimai əsasda yaradılmış “PROQRESS”  Heyvandarlıq-Südçülük Kooperativi vasitəsilə həyata keçirilir.

İkinci ildən etibarən təsərrüfatlarda yetişdirilmiş damazlıq düyələrin də satılması imkanının yaranması gözlənilir. Burada mütləq heyvanların süni mayalanması tətbiq ediləcək və ilk gündən heyvanların identikləşdirilməsi və təsərrüfat daxili  qeydiyyatın aparılması həyata keçiriləcəkdir. Elektron bazada toplanmış məlumatlar  (heyvanlar və onların izlənilməsi, istehsal edilən süd və ət məhsulları və onların südün keyfiyyət göstəriciləri və s.) sonra Heyvanların İdentifikasiyası və Qeydiyyatı sisteminə daxil ediləcəkdir.

Bu məqsədlə Bərdə, Ağcabədi və İmişli rayonlarından bu sahədə marağı olan, veriləcək inəklərin saxlanması üçün kifayət qədər yem bazasının təşkil edilməsi üçün normativə uyğun torpaq sahəsinə malik ailə-fermer təsərrüfat başçıları seçilmiş, mütəxəssislər tərəfindən onların təsərrüafatlarına baxışlar keçirilmişdir. Və sonda Bərdə rayonundan 27 nəfər, Ağcabədi rayonundan 25 nəfər, İmişli rayonundan isə 17 nəfər fermer seçilərək onların torpaq sahələrinə uyğun götürəcəkləri heyvanların baş sayı müəyyənləşdirilərək onlarla müqavilə imzalanmışdır. (Fermerlərin siyahısı rayonlar üzrə əlavə olunur).

“Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” mikro-layihənin uğurla başa çatmasının və dayanıqliğinin qiymətləndirilməsi üçün cəlb edilmiş təsərrüafat başçıları (fermerlər) arasında sorğu keçirilmiş və keçirilmiş sorğunun nəticələri qiymətləndirilmişdir. Sorğuda layihədə iştirak edən hər bir təsərrüafat başçılarının (fermerlərin) ev təsərrüaftlarının xüsusiyyətləri, həcmi, torpaq sahəsinin həcmi, əsas fəaliyyət növü, əmlak, aktivlər, gəlir sahəsi və illik gəlirin həcmi, kreditdən istifadə, sudan istifadə səviyyəsi, təlimlərdə iştirak və s. məsələlər  (sorğunun nəticələri hesabata əlavə olunur.)

Daha sonra KT Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları pilot ərazilərdə benefisiar fermerlərlə mütəxəssislər fərdi qaydada görüşlər keçirmiş, onların mövcud yem bazası (cari mövsüm üçün yem tədarükü) qiymətləndirilmiş, payız-yaz əkini üçün isə tələb olunan vəsait müəyyənləşdirilərək hər bir fermer üçün fərdi qaydada biznes planlar hazırlanmış və onların kredit paketləri müəyyənləşdirilmişdir. Biznes planda Layihənin icra planı, ailə-fermer təsərraftlarının seçim qaydaları, tikintinin aparılması qaydaları, heyvanların yem bazasının yaradılması və yem rasionunun müəyyən edilməsi, avadanlıq və qurğularla təchizat, gözlənilən nəticələr və məhsulların marketinqi, heyvanların baş sayına uyğun olaraq sadə quruluşlu, müasir tipli tövlənin tikintisi üçün smeta dəyəri və tövlələrin sxematik planı öz əksini tapmışdır.

Ilk öncə Layihədə iştirak edən ailə-fermer təsərrüfat başçılarının pay torpaqlarında yem tədarükü üçün əkiləcək yem bitkilərinin məhsuldarlığının yüksək olması və həmin bitkilərin aqrotexniki tələblərə uyğun yetişdirilməsi məqsədilə torpaqlardan nümunə götürülmüşdür. Torpaq nümunələri konvert üsulu ilə sahənin 5 yerindən 0-30 sm qatdan götürülərək bir orta nümunə hazırlanmış, həmin nümunələr götürüldükcə laboratoriyaya gətirilərək qurudulmuş və analiz üçün hazırlanmışdır.

Mikro-layihələrin maliyyələşdirilməsi  “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi” çərçivəsində Bank Olmayan Kredit Təşkilatları (BOKT) “Viza” Kredit BOKT” MMC, “Maliyyə Resurs Mərkəzi BOKT” QSC və “Mədəd Kredit BOKT” MMC  vasitəsi ilə həyata keçirilmişdir. Bank Olmayan Kredit Təşkilatlarının əməkdaşları layihədə iştirak edən hər bir fermerin yerlərdə təsərrüfatlarına  səfər etmiş və qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə aparıldıqdan sonra hər bir fermerlə fərdi qaydada hazırlanmış biznes planlara uyğun olaraq fermerlərlə ikitərəfli müqavilə imzalandıqdan sonra BOKT-ların nəzarəti altında tranşlarla illik 10 faiz dərəcəsi, güzəşt müddəti 18 ayadək, ümuumi müddəti 4 ilədək olmaqla girovsuz kreditlər  verilmişdir.

Heyvanların illik yemə olan təlabatının ödənilməsi məqsədilə yem bazasının və yem rasionunun düzgün təşkil edilməsi üçün fermerlərin torpaq sahələrinə baxış keçirilmiş, hansı yem bitkisindən neçə hektar əkilməsi müəyyənləşdirilmişdir.

Bu məqsədlə mütəxəssislər hər bir fermerlə yerlərdə fərdi görüşlər keçirilmiş, onların faktiki yem tədarükü müəyyənləşdirilmiş, cari mövsüm üçün

tələbata uyğun yemin tədarük edilməsi və payız-yaz əkini məqsədilə kredit paketinə vəsait əlavə edilmişdir. Bundan başqa heyvanların normaya uyğun süd vermələri üçün “Kənd Yerlərinin Kompleks İnkişaf Layihə”si (KYKİL) çərçivəsində fermerlərə silosluq qarğıdalı  toxumları verilmiş, toxumlar yeni texnologiya ilə əkilmiş, aqrotexniki tələblərə uyğun becərilmiş, biçilərək müasir qaydada silos üçün tədarük edilmişdir.

Heyvanların sağımının düzgün və gigiyenik qaydalara uyğun aparılması məqsədilə kredit paketində müasir tipli süd sağım aparatları üçün də vəsait nəzərdə tutulmuşdur. Hər 5 baş qaramal götürmüş təsərrüfat başçısına 1 (bir) ədəd süd sağım aparatı nəzərdə tutulmuşdur ki, bu da heyvanların sağımının vaxtında aparılmasını və südün vaxtında təhvil verilməsini təmin edəcəkdir. Bundan başqa heyvanların düzgün və qayğı ilə bəslənməsi üçün kredit paketində təsərrüfat başçıları üçün ot üyüdən və yemqıran aparatlar da nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində təsərrüfat başçılarının işini bir qədər yüngülləşdirəcək, heyvanların daha da effektiv qidalanmasını təmin edəcək, ot və yem məhsullarının daha səmərəli istifadəsinə dəstək olacaqdır.

Tövlələrin tikintisi Kənd Təsərrüfatı Nazirliyinin Hеyvаndаrlıq Məhsullаrının İstеhsаlı, Emаlı, Dаmаzlıq İşi və Otlаqlаr şöbəsi ilə razılaşdırılmış layihə-smeta sənədlərinə uyğun müasir tipli olaraq mərhələrlə inşa edilmişdir. Belə ki, bütün fermerlər bu istiqamətdə kifayət qədər məlumatlandırılmış, onlara tövlələrin smeta dəyəri və sxematik planları təqdim edilmişdir. Tövlənin rekonstruksiya olunmasına icazə verilmiş fermerlər də mövcud tövlələrin bazasında razılaşdırılmış modeli saxlamaq şərti ilə işləri lazımi qaydada  başa vurmuşdurlar.

“Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” mikro-layihəsinin həyata keçirilməsində kooperativin fəaliyyətinin məzmunu və məqsədi aşağıdakılardan ibarətdir.

Müvafiq qanunvericiliyə riayət etməklə kooperativ üzvlərinin, layihədə iştirak edən fermerlərin  əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə əhalinin müştərək  fəaliyyətinin təşkil edilməsi və eləcə də müvafiq dövlət proqram və layihələrinin məramına uyğun olaraq aqrar sahənin inkişafına dəstək verilməsi, kənd təsərrüfatı məhsullarının, xüsusilə də heyvandarlıq (ət və süd) məhsullarının istehsalı, emalı,  tədarükü və satışının təşkil edilməsi məqsədilə icma əsaslı “PROQRESS” Heyvandarlıq-Südlük Kooperativi yaradılmışdır.  Mikro-layihədə iştirak edən bütün fermerlər kooperativin üzvüdürlər.

Kooperativin üzvləri əldə etdikləri südü həmin məntəqələrə təhvil verəcək, süd məntəqələrə 30 litr həcmli termos bidonlarla daşınacaq. Kooperativ isə həmin məntəqələrdə toplanan südü soyutduqdan sonra süd emalı zavodlarına satışını təmin edərək əldə olunan gəlirlərdən isə heyvanların yem tədarükünün təşkil edilməsini, kreditlərin ödənilməsini və s. xərclərinin bağlanmasını təmin edəcəkdirlər. Əldə olunan südün fermerlərdən qəbul edilməsi üçün hər üç rayonda (İmişli, Ağcabədi və Bərdə) süd qəbulu məntəqəsi inşa edilmişdir.

“Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” mikro-layihəsi  Ağcabədi rayonunda 25, Bərdə rayonunda 26, İmişli rayonunda isə 18 ailə-kəndli təsərrüfatını əhatə edir. Pilot layihə çərçivəsində bu təsərrüfatlara “Aqrolizinq” ASC vasitəsilə lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulmuşdur. Noyabr ayının 27-də ilk olaraq Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar Ağcabədi rayonunun Təzəkənd kəndində yaradılmış 25 ailə-fermer təsərrüfatına verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrolizinq” ASC-nin, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin nümayəndələri və fermerlər iştirak etmişdirlər. İmişli rayonunda isə heyvanların bir qismi artıq paylanmış, bir qismi isə dekabr ayının 19-da paylanmışdır. Heyvanlardan qan analizləri götürülmüş, durumları  mütəmadi olaraq baytar həkim nəzarəti altında izlənilir. Heyvanların yerli şəraitə, mühitə uyğunlaşması demək olar ki, qənaətbəxş olaraq qalmaqda davam edir.

Fermerlər Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan, respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, dövlətimiz tərəfindən sahibkarlığın inkişafı üçün yaradılan güzəştlərdən məmnunluqlarını bildirmiş və pilot layihənin əhəmiyyətini yüksək qiymətləndirmişdirlər.

Layihə ilə əməkdaşlıq