Dünya Bankı

Dünya Bankı 1944-cü ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılmışdır. Bankın yaradılmasında məqsəd II Dünya Müharibəsindən zərər çəkmiş Avropa ölkələrinə yardım etməkdən ibarət olmuşdur. Ətraflı

Layihələrin Sayı: 3

Layihələrin Ümumi Büdcəsi: 140.38 mln ABD

Dünya Bankı tərəfindən maliyyələşdirilən məbləğ: 114.5

XƏBƏRLƏR

25-01-2017

Layihənin nəticələrinin Azərbaycan Dövlət Aqrar Universitetinin tədris proqramına daxil edilməsi tövsiyə olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsində Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi tərəfindən müasir epidemiologiyanın tələblərinə uyğun aparılan tədqiqatların təhlili, risk faktorlarının araşdırılması və onun əsasında xəstəliyin yayılmasının qarşısının alınması üçün tövsiyələrin hazırlanmasına aid seminar keçirilib. Seminarda brusellyoz xəstəliyinin yayılmasının səbəblərini araşdırılma məqsədilə heyvan sahibləri arasında aparılan sorğuların təhlili təqdim edilib. Sorğular Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin brusellyoz xəstəliyinə qarşı apardığı sorğuların nəticələrinə əsasən 197 qışlaqda aparılıb. Sorğunun təhlilinə beynəlxalq ekspert R.Ceksonun təklifinə uyğun olaraq ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin magistrləri cəlb olunub və materialların layihənin dəstəyi ilə metodik vəsait şəklində hazırlanaraq fakütənin epidemiologiya kafedrasının tədris proqramına daxil edilməsi tövsiyə edilib.

Seminarda ADAU-nun rektoru   AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov, DBNX-nin nümayəndəsi Ceyhun Əliyev, fakültənin epidemiologiya kafedrasının müəllim heyəti, 4-5 kurs tələbələri və layihənin mütəxəssisləri iştirak ediblər.

 

19-01-2017

“AQRAR SIĞORTA MEXANİZMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ” LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ TƏDBİR KEÇİRİLİB

Beynəlxalq Maliyyə Korporasiyasının layihə üzrə meneceri Leah Sorokanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində olub. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iştirakı ilə nazirlikdə “Aqrar sığorta mexanizminin təkmilləşdirilməsi” layihəsinin reallaşdırılması üzrə görüş keçirilib.

Görüşdə layihə barədə məlumat verilib, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanması təklif olunan Əməkdaşlıq Sazişi layihəsi üzrə müzakirələr aparılıb.

Layihənin məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına təsir edən təbiətlə bağlı risklərin düzgün və səmərəli idarəedilməsi, eləcə də qiymətləndirilməsi üçün mövcud aqrar sığorta sisteminin təkmilləşdirilməsidir. Aparılacaq təkmilləşdirmə nəticəsində müasir aqrar-sığorta modeli hazırlanacaq, sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi-normativ baza təşkil ediləcək və texniki baza yaradılacaq.

Görüləcək işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin” kənd təsərrüfatı sığortasının inkişafı üzrə strateji hədəfinə töhfə verəcək.

23-09-2016

Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

Bu gün Muğan- Salyan zonasının Sabirabad ofisində “Gəlir Gətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər” mövzusunda seminar keçirildi. Seminarda AzKİL – 2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, Muğan- Salyan RƏO-nun Proqram Mütəxəssisi Fəridə xanım Eminova, İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev , Inkubator layihələrinin təmsilçiləri - Balakən rayonu Qaysa icması,Masallı rayonu Çaxırlı icması , Lənkəran rayonu Separadi icması, Sabirabad rayonu Həsənli icması və Saatlı rayonu Kamallı icmasında fəaliyyət göstərən İnkubator sexinin fəaliyyətini təmin edən Biznes Qrup üzvləri və həmin icmaların Bələdiyyə üzvləri iştirak etdilər. AzKİl – 2 Direktor muavini Gülbəniz xanım Qənbərova və Muğan – Salyan RƏO Proqram Mütəxəssisi Fəridə xanım Eminovanın cıxışlarından sonra İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev İnkubator sexinin fəaliyyətini əks etdirən Sosial və iqtisadi göstəricilər formasının tərtibindən və Gəlir Gətirən layihələrin fəaliyyəti üçün əhəmiyyətindən danışdı. İnkubator sexlərinin fəaliyyəti zamanı qarşıya çıxan öyrənilmiş dərslər müzakirə olundu. 3 ildən çox fəaliyyət göstərən Balakən rayonu Qaysa icmasının BQ sədri Rəşad Qaysayev və Saatlı rayonu Kamallı icmasının BQ sədri Əhliman Teymurov bu il yeni fəaliyyətə başlamış icmalarla öz təcrübəlirini bölüşdülər.
İki qrupa ayrılaraq öyrənilmiş dərslər üzrə qrup işi görüldü. Qrup işlərinin təqdimatında müəyyən edilmiş öyrənilmiş dərslərin xülasəsi və qarşılıqlı müzakirəsi aparıldı.
Seminarın sonunda Gülbəniz xanım Qənbərova iştirakçılara öz təşəkkürünü bildirdi və gələcəkdə Sosial və iqtisadi göstəricilər formasının tərtibi, İnkubator sexinin yüksək göstəricilər əldə etməsinə dair koməklik göstərən təlimlərin təşkil edilməsinin vacibliyini vurğuladı.

İCMAL

Dünya BankıDünya Bankı 1944-cü ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılmışdır. Bankın yaradılmasında məqsəd II Dünya Müharibəsindən zərər çəkmiş Avropa ölkələrinə yardım etməkdən ibarət olmuşdur. Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Bankın ümumilikdə 187 üzvü vardır. Belə ki, BYİB-in 187, BMK-nın 182, BİA-nin 170, İTÇA-nın 175,  İMHBM-in 146 üzvü vardır. Bankın dünya üzrə 10 000-dən çox işçisi vardır. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı AAA bank reytinqinə malikdir. Bankın səhm kapitalı 10 milyard ABŞ dollarıdır.

Bankın baş qərargahı Vaşinqtonda yerləşir.

Ənənəyə uyğun olaraq, Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin nümayəndəsi olmalıdır. Prezident 5 illik müddətə İcraçı Direktorlar Şurası tərəfindən seçilir və Banka ümumi nəzarəti həyata keçirir.

Dünya Bankı Qrupuna aşağıdakı qurumlar daxildir:

  1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)
  2. Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)
  3. Beynəlxalq Maliyyə Korporasiyası (BMK)
  4. İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)
  5. İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM)

Dünya Bankı öz fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) əsasən aşağıdakı sahələrə yönəldmişdir:

  1. İnsan resurslarının inkişafı (məs. təhsil, sağlamlıq)
  2. Kənd təsərrüfatı və kəndlərin inkişafı (məs. irriqasiya, kəndlərə gostərilən xidmətlər)
  3. Ətraf mühitin qorunması (məs. çirklənmənin azaldılması)
  4. İnfrastruktur (məs. yollar, şəhərlərin inkişafı, elektrik təchizatı)
  5. İdarəetmə (məs. anti-korrupsiya, hüquq institutlarının inkişaf etdirilməsi)

BYİB və BİA kreditlərlə yanaşı zəif inkişaf etmiş ölkələrə qrantlar da ayırır.  BMK və İTÇA isə özəl sektora investisiya qoyuluşunu təşviq edir və bu investisiyaların təminatçısı rolunu oynayır.

 

Bankın fəaliyyət orqanları

Müdirlər Şurası: Bankın ən ali qərar qəbuledici orqanıdır. Hər ölkəni bir müdir və bir alternativ müdir təmsil edir, bu vəzifələrə ölkənin maliyyə naziri, mərkəzi bankının sədri və digər oxşar rəsmiləri 5 illik müddətə seçilir. BYİB üzrə seçilmiş müdir və alternativ müdir avtomatik olaraq BİA və BMK üzrə də müdir və alternativ müdir hesab olunur və İMHBM-də də ölkəni təmsil edir. Azərbaycanın Bankdakı müdiri Mərkəzi Bankın sədri, alternativ müdiri isə iqtisadiyyat naziridir.

İcraçı Direktorlar Şurası: Bankın əsas əməliyyatlarını həyata keçirən orqandır. Direktorlar və alternativ direktorların 5-i əsas ölkələr (ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya) tərəfindən təyin edilir, digərləri isə (hazırda 20 direktor və 20 alternativ direktor) üzv ölkələr tərəfindən seçilir.

 

Azərbaycan Respublikası ilə əməkdaşlıq

Azərbaycan Respublikası Dünya Bankı (DB) Qrupuna daxil olan beş quruma aşağıda qeyd olunan tarixlərdə üzv olmuşdur:

  • Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı – 18 sentyabr 1992
  • Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi – 23 sentyabr 1992
  • Beynəlxalq İnvestisiya Mübahisələrinin Həlli Mərkəzi – 18 oktyabr 1992
  • Beynəlxalq İnkişaf Assosiasiyası – 31 mart 1995
  • Beynəlxalq Maliyyə Korporasiyası – 11 oktyabr 1995

DB bazar iqtisadiyyatına keçid üzrə islahat proqramlarının həyata keçirilməsi, makroiqtisadi stabitləşdirmə və neft gəlirlərinin idarə edilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə yardım, infrastrukturun bərpa edilməsi (su, irriqasiya, avtomobil yolları), təhsil və səhiyyə, enerji sektoruna investisiyaların cəlb edilməsi sahəsində tədbirlər, dövlət sektorunda islahatlar, kənd təssərrüfatında və ümumiyyətlə qeyri-neft sektorunda artım və yeni iş yerlərinin açılması sahələrində Azərbaycana yardım göstərir.

Azərbaycanda həyata keçirilməkdə olan 2016-2020-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində DB ilə əməkdaşlıq davam etdirilməkdədir. ÖTS Azərbaycan Hökuməti tərəfindən müəyyən olunmuş ehtiyac və prioritetlərə əsaslanan tərəfdaşlıq planıdır.

Kənd Təsərrüfatı Nazirliyi DB ilə birlikdə iki iri layihə həyata keçirməkdədir. Bunlardan birincisi icrası 2012-ci ildə başlanmış “2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi” və ikincisi isə icrası 2014-cü ildə başlanmış “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”dir.

Kənd Təsərrüfatı sahəsində Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələr (bitmiş və hal-hazırda icrası davam edən layihələr daxil olmaqla):

  1. Təsərrüfatların özəlləşdirilməsi Layihəsi – 1997-2003, 28.8 mln. ABŞ dolları
  2. Kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi – 1999- 2006, 33.7 mln. ABŞ dolları
  3. Kənd İnvestisiya Layihəsi – 2004-2012, 21.10 mln ABŞ dolları
  4. 2-ci Kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi – 2006-2012, 57.7 mln ABŞ dolları
  5. Kənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşmə - 2008-2013, 25.56 mln. ABŞ dolları
  6. 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsi – 2012-2016, 53.60 mln.ABŞ dolları
  7. Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi – 2013-, 34.5 mln. ABŞ dolları
  8. 2-ci Azərbaycan Kənd İnvestisiya Layihəsinə Əlavə Maliyyələşmə - 2014-, 50 mln. ABŞ dolları

MƏLUMAT BAZASI