Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən cari ilin 31 dekabr tarixinədək kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 30 rayonunda aqrar sektorda çalışan 57 sahibkara 9513.2 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Bunların da 5068.2 min manatı pambıqçılıq, 2975.0 min manatı heyvandarlıq, 600.0 min manatı kartofçuluq, 570.0 min manatı istixana, 200.0 min manatı bağçılıq, 100.0 min manatı isə un emalı sahələrinə ayrılmışdır. Güzəştli kreditlərin verilməsi nəticəsində 605 daimi və müvəqqəti iş yeri açılmışdır.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) krediti hesabına maliyyələşmiş, 2007-ci ildə yekunlaşmış “Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı”nın və 2011-ci ildə yekunlaşmış “Şimal-Şərq İnkişaf Layihəsi”nin kredit komponentinin davam etdirilməsi məqsədi ilə 2017-ci il ərzində müvəkkil kredit təşkilatları tərəfindən aqrar sektorda çalışan 8 nəfərə 640.0 min manat məbləğində orta və böyük həcmli kreditlər verilmişdir. Verilən güzəştli kreditlər nəticəsində 298 müvəqqəti və daimi iş yeri açılmışdır.         

Quba regional Fermer Evi pilot layihəsi çərçivəsində ümumilikdə Quba, Qusar, Xaçmaz, Şabran və Ağdaş rayonundan olan 415 fermerə informasiya-məsləhət xidməti göstərilmişdir ki, bunlardan kənd təsərrüfatı texnika və avadanlıqlarının alınması 33 nəfər (7%), heyvandarlığın inkişaf etdirilməsi və mühafizəsi 29 (7%), bağçılığın inkişaf etdirilməsi 279 (65%), marketinq sahəsində 4 (1%), bitkiçiliyin inkişafı və mühafizəsi 81 (19%) və hüquq sahəsi üzrə 2 (1%) informasiya-məsləhət xidməti göstərilmişdir.

Quba–Xaçmaz bölgəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı ilə “Arıçılıq birliyinin yaradılmasının əhəmiyyəti”, “Meyvə bağlarının effektiv idarə edilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması”, “Meyvə bağlarında qış müalicəsinin aparılması”, “Azərbaycanda fındıq bitkisinin yayılması”, “Kənd təsərrüfatında sığorta: anlayış və çağırışlar”, “Meyvə bağlarının gübrələnməsi”, “Dəyər zəncirinin meyvəçilik, taxılçılıq və tərəvəzçilik üzrə vəziyyəti, “Fermerlərin problemlərinin həlli”, “Arıların sağlamlığı və intensiv arıçılıq”, “Badımcan bitkisinin yeni seleksiya sortları”, “Aqrar sığortaya aid risklərin idarə olunması və sığorta”, “Kənd təsərrüfatı məhsullarının tədarükü”, “Yarpaq gübrələrinin meyvəçilikdə əhəmiyyəti və istifadə qaydaları”, “İntensiv tipli meyvə bağlarının salınması və kompleks becərilməsi”, “Meyvə bağlarına qulluq” və “Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üçün layihə təklifinin hazırlanması” mövzularında fermerlerin iştirakı ilə təlim və seminarlar keçirilmişdir.

Eyni zamanda cari il ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı ilə Cəlilabad, Şəki, Tərtər, Lənkəran, Şəmkir, Samux, Abşeron, Zaqatala və Salyan rayonlarında “Üzümlüklərin təmiri və yenidən qurulması, tinglərin əkilmə qaydaları və cavan üzümlüklərə qulluq”, “Quraqlığa davamlı yeni taxıl sortlarının nümayişi və toxumçuluğun təşkili“, “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərmə texnologiyaları, resursqoruyucu becərmə texnologiyalarının üstünlüklərinin suvarma şəraitində nümayişi”, “Çay bitkisinin mütərəqqi becərmə texnologiyaları: imkanlar və perspektivlər”, “Lənkəran bölgəsində tərəvəz bitkilərinin toxumçuluğunun elmi əsaslarla inkişaf etdirilməsi yolları”, “Kartofun yığılması və saxlanılmasının mütərəqqi texnologiyaları”, “İqtisadi resursların öyrənilməsi”, “Üzüm bağlarında payız-qış mövsümündə aqrotexniki və mütərəqqi inteqrir mübarizə tədbirlərinin aparılması”, “Fındıqçılıqda intensiv texnologiyalar”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta savadlılığının artırılması” mövzularında müxtəlif aidiyyəti qurumların və fermerlerin iştirakı ilə təlim və seminarlar keçirilmişdir.

2017-ci ilin avqust–sentyabr aylarında Şəki, Zaqatala, Tovuz və Şəmkir rayonlarında ümumilikdə 80-dən artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlərin və AEİMM-nin aidiyyəti mütəxəssislərinin iştirakı ilə maliyyə savadlılığının artırılması üzrə təlim seminarları keçirilmişdir.

Ümumilikdə keçirilmiş təlim və seminarlarda 1332 fermer iştirak etmişdir.

Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikro-layihəsi çərçivəsində əvvəlki illərdə Ağcabədi rayonu üzrə 178 baş, Bərdə rayonu üzrə 189 baş, İmişli rayonu üzrə isə 149 baş Avstriyadan gətirilmiş Simmental cinsli heyvanlar paylanılmışdır. Ümumilikdə Bərdə rayonu üzrə 504,5 min manat, İmişli rayonu üzrə 384,4 min manat, Ağcabədi rayonu üzrə 483,8 min manat kredit verilmişdir. Layihə çərçivəsində fermerlərə güzəştli şərtlərlə paylanılmış ətlik-südlük istiqamətli simmental cins boğaz iribuynuzlu heyvanların artımı baş tutmuşdur. Belə ki, Bərdə rayonu üzrə paylanılmış heyvanlardan 2016-cı ildə 161, Ağcəbədi rayonu üzrə 170, İmişli rayonu üzrə 141 sağlam buzov, 2017-cı ildə isə Bərdə rayonu üzrə 83, Ağcəbədi rayonu üzrə 80, İmişli rayonu üzrə 78 ikinci nəsil sağlam buzov əldə edilmişdir. Layihə çərçivəsində ümumilikdə bütün təsərrüfatlarda rübdə bir dəfə olmaqla ardıcıl olaraq monitorinq keçirilir, o cümlədən heyvanların cari vəziyyətinin monitorinqi, xəstəliklərə qarşı mübarizə, yem rasionuna uyğun yemləmə və sağlam doğuş keçirilməsi üçün 4 baytar həkim işə cəlb edilmişdir.

Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” (KTRQGL) tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri, digər elmi-tədqiqat institutlarının mütəxəssisləri, həmçinin alimlər və tələbələr arasında geniş istifadə olunacaq “Azərbaycanın karantin əhəmiyyətli ziyan verici orqanizmləri”nə dair atlasın nəşri ilə bağlı yerli mütəxəssislər işə cəlb olunmuş və atlasın hazırlıq işlərinə başlanılmışdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bitki mühafizəsi kurrikulumunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə Layihə tərəfindən cəlb olunmuş beynəlxalq məsləhətçi fəaliyyətə başlamışdır. Bitki sağlamlığı sahəsində bakalavr, magistr və alimlik dərəcələri üzrə kurrikulum proqramının ilkin variantı Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti ilə birgə hazırlanmışdır.

“Zərərverici orqanizmlərə qarşı inteqrir mübarizə metodları” mövzusunda təlimlərin keçirilməsi istiqamətində işlər aparılaraq nəzərdə tutulmuş təlim materialları, tədbirlər planı və təşviqat xarakterli məlumat sənədləri hazırlanmış, texniki işlər üzrə təminatçının seçimi tamamlanmış və nümayiş tarlalarının seçimi, nəzərdə tutulmuş mövsümi aqrotexniki tədbirlər kimi fəaliyyətlərin icrasına başlanılmışdır.

İribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində peyvəndləmə kampaniyası üçün 400000 doza vaksin, həmçinin xüsusi geyim, dezinfeksiya maddələri və digər ləvazimatlar tədarük edilmiş və vaksinasiya kampaniyasına başlanılmışdır. 2017-ci ilin avqust ayından etibarən iribuynuzlu heyvanlar arasında bütün ölkəni əhatə edən peyvəndləmə kampaniyasına başlanılmış və 366395 baş iribuynuzlu heyvan peyvənd edilmişdir. Bu tədbirə ADAU zoomühəndislik və baytarlıq təbabəti fakültəsinin 30 nəfər tələbəsi cəlb olunmuşdur.  

Xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində tam sürü prinsipi ilə 2016-cı ilin iyul ayından başlanılmış peyvəndləmə kampaniyası 2017-ci ilin fevral ayında yekunlaşaraq 6351212 baş xırdabuynuzlu heyvan göz damcısı üsulu ilə peyvəndlənmişdir. Bundan başqa, 2017-ci il üzrə nəzərdə tutulmuş yeni doğulan xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində heyvanların peyvəndləmə kampaniyası üçün 1.5 milyon doza vaksin təchiz edilmiş və 2017-ci ilin may ayından etibarən peyvəndləmə kampaniyasına başlanılmışdır. 2017-ci ilin may-sentyabr ayları ərzində 1491374 baş yeni doğulmuş xırdabuynuzlu heyvan peyvənd olunmuşdur. Bu tədbirə ADAU zoomühəndislik və baytarlıq təbabəti fakültəsinin 30 nəfər tələbəsi cəlb olunmuşdur.

Azərbaycan Dövlət Aqrar Universitetininin zoomühəndislik və baytarlıq təbabəti fakültəsinin sonuncu kurs tələbələrinin gələcək ixtisaslaşma seçiminə köməklik məqsədi ilə Layihə tərəfindən onların Bakı şəhərinə səfəri təşkil edilmişdir. Səfər zamanı tələbələr Dövlət Baytarlıq Nəzarəti Xidmətinın, Respublika Baytarlıq Laboratoriyasının müvafiq şöbələrində, Baytarlıq Elmi Tədqiqat İnstitutunun laboratoriyalarında olmuş, habelə Heyvanlara Qayğı Mərkəzi və bazarlarda yerləşən baytarlıq ekspertiza laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərini əyani şəkildə həyata keçirilməsi məqsədi ilə ADAU nəzdində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması üçün eksperimental ferma yaradılmış və müvafiq avadanlıqlarla təchiz edilmişdir.

İnsanlar arasında brusellyoz xəstəliyinin yayılma səviyyəsini (privalentliyini) müəyyən edəcək sero-sorğuların keçirilməsi ilə bağlı lazım olan avadanlıqların və reagentlərin satınalınması yekunlaşmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə 2017-ci ilin sentyabr ayından etibarən sero-sorğuların keçirilməsinə başlanılmışdır. İlin sonuna serosorğulara 31 rayon, 2 şəhər cəlb edilmişdir.

Əkinçilik Elmi Tədqiqat İnstitutunun Dənin Keyfiyyəti Laboratoriyası sortların təkmilləşdirilməsi üzrə tədqiqat işləri üçün laboratoriya və tədqiqat avadanlıqları ilə, İnstitutun tədqiqat stansiyaları (Qobustan, Cəlilabad, Şəki, Zaqatala və Tərtər) isə toxum emal edən və təmizləyən avadanlıqlarla təchiz edilmişdir. 14 sentyabr 2017-ci il tarixində Qobustan rayon Bölgə Təcrübə Stansiyasında tədarük olunmuş, istehsal gücü saatda 2 ton olan toxum təmizləmə və emal xəttinin istismarı, həmçinin iş prinsiplərinin öyrənilməsinə dair təlim keçirilmişdir. Təlimdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun rəhbərliyi, Qobustan rayon Bölgə Təcrübə Stansiyasının və digər bölgələrdə yerləşən təcrübə stansiyalarının mütəxəssisləri, habelə özəl toxum yetişdirən fermerlər iştirak etmişdir.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının (Səlyan, Lənkəran, Sabirabad, Beyləqan, Göygöl, Tovuz, Qax, Şamaxı, Quba) mebel və avadanlıq dəstləri ilə təchiz edilmişdir. 29 sentyabr 2017-ci il tarixində Quba Regional Toxum Sertifikatlaşdırılması Laboratoriyasında (QRTSL) layihə tərəfindən alınmış müasir laboratoriya avadanlıqlarının istifadəsinə dair təlim keçirilmişdir. Təlimdə QRTSL-ın və digər bölgələrdə yerləşən laboratoriyaların mütəxəssisləri iştirak etmişlər.

Samux rayonunda quru meyvə istehsalına dair dəyər zənciri layihəsi ilə bağlı fərdi sahibkar/sub-layihə rəhbəri və Dövlət Xidməti arasında investisiyaya dəstək haqqında müqavilə imzalanmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərəfindən qeydiyyata alınmışdır. Müqavilə üzrə ilkin fəaliyyətlərə başlanılmışdır.

Şəmkir rayonunda şitil istehsalı və ixracat üçün tərəvəzlərin müasir qablaşdırılması üzrə dəyər zənciri layihəsi ilə bağlı fərdi sahibkar /sub-layihə rəhbəri və Dövlət Xidməti arasında investisiyaya dəstək haqqında müqavilə imzalanmış və müvafiq qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edilmişdir.

Ölkədə süd sektoru üzrə geniş tədqiqatın aparılması və müasir südçülük təsərrüfatının yaradılması ilə əlaqədar texniki yardım üçün seçilmiş məsləhətçi şirkətlə 07 sentyabr 2017-ci il tarixində müqavilə imzalanmışdır. 27 oktyabr 2017-ci il tarixində kiçik, orta və iri süd istehsalçıları və süd məhsulları emalçılarının iştirakı ilə “Azərbaycanda südçülük dəyər zəncirinin araşdırılması”na dair seminar keçirilmişdir. İmzalanmış müqavilənin şərtlərinə uyğun olaraq məsləhətçi şirkət tərəfindən birinci hesabat təqdim edilmişdir.

2017-ci ilin 01 yanvar tarixindən etibarən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması ilə əlaqədar kənd təsərrüfatlı təyinatlı kreditlərə tələbat aşağı olmuşdur. Bu istiqamətdə Dünya Bankı ilə müzakirələr aparılmış və Dünya Bankı tərəfindən faizlərin azaldılması ilə bağlı son ilin faktiki inflyasiya dərəcəsi və növbəti ilin inflyasiya proqnozu əsasında faizlərin təyin edilməsi metodu təklif edilmişdir. Həmin metodun tətbiq edilməsi üçün layihənin kredit sazişinin müvafiq müddəalarına dəyişiklik edilməsi (12 iyun 2014-cü il tarixli 8286-az saylı kredit sazişinin 2-ci əlavəsinin D bəndinin C yarımbəndi) zərurəti yaranmışdir.Həmin dəyişiklik layihəsinin tətbiqinin mümkünlüyü məsələsinə baxılması və bununla bağlı Dünya Bankına müraciət edilməsi üçün təklif Azərbaycan Respublikası Hökumətinə təqdim edilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli 2806 nömrəli “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Frankfurt School of Finance and Management” şirkətinin dəstəyi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinin” “Maliyyə çıxışının asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş prioritetlərdə göstərilən tədbirlərin əhatə etdiyi daha təfsilatlı və geniş tədbirlər planı hazırlanmış və 10 iyul 2017-ci il tarixli 9 nömrəli protokolla Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq olunmuşdur.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) və İslam İnkişaf Bankının krediti hesabına maliyyələşən “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (KYKİL) çərçivəsində 2017-ci ildə layihə ərazilərindəki təsərrüfatdaxili suvarma sistemləri üzrə təmir bərpa işlərini icra edən podratçı təşkilat tərəfindən 9 SİB ərazisində 46,7 km torpaq məcralı kanallar kol kosdan təmizlənmiş, 4.5 km uzunluqda beton üzlüklü kanal cəkilmiş, 2,7 km qapalı boru şəbəkəsi quraşdırlmış, 36,5 km uzunluqda drenaj şəbəkəsi və 35 hidrotexniki qurğu bərpa edilmişdir.

Eyni zamanda Yevlax rayonu ərazisində əkinə yararlı torpaq dövriyyəsinə əlavə daxil edilən 4,0 min ha ərazidə də analoji işlərin aparılması üçün məsləhətçi şirkət tərəfindən texniki-iqtisadi əsaslandırma hazırlanmış və müvafiq qaydada layihələndirmə işlərinə start verilmişdir.

Layihənin ”Kənd Təsərrüfatının məhsuldarlığı və Rentabelliyinin Artırılması” komponenti çərçivəsində (KYKİL) il ərzində layihə rayonlarında (Yevlax, Ağdaş, Şəki, Oğuz) 20 nəfər süni mayalama texniki tərəfindən 71 kənddə 1058 baş iribuynuzlu heyvan arasında süni mayalama aparılmış, əvvəllər aparılmış süni mayalama tədbirləri nəticəsində Yevlax rayonunda 34 baş, Ağdaş rayonunda 157 baş, Şəki rayonunda 165 baş, Oğuz rayonunda 71 baş (ümumilikdə 427 baş) cins buzov əldə olunmuşdur.

Bundan başqa layihənin dağlıq ərazilərini əhatə edən 3 baytar məntəqəsindəki 6 həkim tərəfindən 93 dağlıq kənddə 716 ailə-fermer təsərrüfatında xəstəliklərə qarşı müalicə profilaktika tədbirləri aparılaraq 1940 baş iribuynuzlu, 30959 baş xırdabuynuzlu, 69 baş digər heyvanlara və 53417 ədəd quşlara baytarlıq xidmətləri göstərilmişdir.      

İllik iş planı və büdcəyə, habelə satınalmalar planına müvafiq olaraq Bərdə, Şəki və Ucar Regional Toxum Sertifikatlaşdırma Laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, İsmayıllı, Göyçay və Zaqatala Dövlət Sort-Sınaq Məntəqələrinin bərpası və təchizatı, Şəki Dayaq Məntəqəsinin yenidən qurulması, o cümlədən ətraf mühitin və landşaftın qorunması məqsədilə 50 hektar eroziyaya məruz qalmış ərazidə meşə bərpası və 100 hektar sahədə meyvə bağlarının salınması istiqamətində ardıcıl işlər davam etdirilmişdir.

Belə ki, Respublika Süni Mayalama Mərkəzinə (RSMM) 12 ədəd kompüter avadanlığı və 12 ədəd çoxfunksiyalı cihaz (printer, skaner, sürətçıxaran) alınaraq aidiyyəti üzrə təhvil verilmişdir. Bundan əlavə, Respublika Süni Mayalama Mərkəzində bir nəfər beynəlxalq dərəcəli süni mayalama mütəxəssisi texniki tapşırıq əsasında fəaliyyətə başlamışdır, Bərdə, Şəki, Ucar Regional Toxum Sertifikatlaşdırma Laboratoriyalarına ofis mebelləri alınaraq təhvil verilmiş, eyni zamanda Regional Toxum Sertifikatlaşdırma Laboratoriyalarına və Respublika SMM-nin 12 Regional SMM-i üçün digər zəruri avadanlıqların alınması istiqamətində işlər aparılmışdır.

Bundan başqa Respublika SMM-də bir nəfər süni mayalama üzrə beynəlxalq mütəxəssis texniki tapşırıq əsasında fəaliyyətə başlamışdır.

Şəki Dayaq Məntəqəsinin, İsmayıllı, Göycay, Zaqatala Dövlət Sort-Sınaq məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tikinti və təmir-bərpa işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə məsləhətçi şirkətin seçilməsi üçün texniki tapşırıq İFAD-la razılaşdırılmış, müvafiq kotirovka sorğusunun keçirilməsi nəticəsində müqavilə bağlanılmış, eyni zamanda, Şəki və Ucar Zona Baytarlıq Laboratoriyalarına tələb olunan zəruri avadanlıqların tədarükünə başlanmışdır.

KTN-nin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun layihə ilə əməkdaşlığa cəlb olunması və 150 hektar sahədə yeni texnologiyaların tətbiqi ilə yeni meyvə bağlarının salınması nəzərdə tutulmuşdur.

Layihənin Kənd maliyyə xidmətləri komponenti çərçivəsində 2017-ci ilin icra qrafikinə uyğun olaraq əməkdaşlığa cəlb olunan Bank Olmayan Kredit Təşkilatları ilə işlər davam etdirilmişdir. Belə ki, il ərzində aqrar sektorda çalışan 4 nəfərə 53,0 min manat verilmiş kreditlərlə yanaşı, əvvəllər verilən kreditlərin qaytarılması istiqamətində də işlər davam etdirilmiş, nəticədə kreditlərin geri qaytarılması 84% təmin olunmuşdur.

İFAD-ın layihəyə dəstək və nəzarət missiyaları 29 may–03 iyun və 15-20 oktyabr 2017-cı il tarixlərində Azərbaycanda səfərdə olmus, səfər çərçivəsində iş planı və büdcəyə uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər bir daha nəzərdən keçirilmişdir. Eyni zamanda, Nəzarət Missiyası Bərdə, Ucar və Şəki Toxum Sertifikatlaşdırma Laboratoriyalarında, Göyçay Dövlət Sort-Sınaq Məntəqəsində, Şəki Zona Baytarlıq Laboratoriyasında, Göygöl Respublika Süni Mayalama Mərkəzində görülən işlərlə yerində tanış olmuşdur.

Bundan başqa İslam İnkişaf Bankının da Nəzarət Missiyası 12-14 iyul 2017-ci il tarixdə ölkəmizə səfər edərək, layihənin icrasına dəstək məqsədilə, Yevlax və Ağdaş rayonlarında təsərrüfatdaxili suvarma sistemləri üzrə nəzərdə tutulan təmir-tikinti işlərinin vaxtında və səmərəli icrası üçün aidiyyəti üzrə görüşlər keçirmişlər.

Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşən “İkinci Kənd İnvestisiya Layihəsi”nin Kənd yerlərində İcma İnfrastrukturları komponenti çərçivəsində layihənin əhatə etdiyi Şimal-Qərb, Şimal, Muğan-Salyan, Düzən-Şirvan və Naxçıvan zonaları üzrə 2017-ci il ərzində cəmi 4 icma layihəsinin icrası başa çatdırılmışdır ki, bunların 3-ü kənddaxili yolların bərpası və biri elektrik sisteminin bərpası olmuşdur. Ümumilikdə tamamlanmış layihələrdən 4882 nəfər kəndli faydalanır.

Layihənin Kənd İnfrastrukturu üçün Texniki Dəstək komponenti çərçivəsində hesabat dövrü ərzində 4 icmada 450 nəfər kəndli səfərbərlik və 4 icmada 28 nəfər icma üzvü isə təlim proseslərinə cəlb olunmuşdur.

.“İkinci Kənd İnvestisiya layihəsiƏlavə Maliyyələşmənin Kənd yerlərində İcma İnfrastrukturları komponenti çərçivəsində AzKİL-2 Əlavə maliyyələşmə dövrünün əhatə etdiyi Şimal-Qərb, Şimal, Muğan-Salyan, Düzən-Şirvan və Qarabağ zonaları üzrə 2017-ci il ərzində cəmi 126 icma layihəsinin icrası başa çatdırılmışdır. Başa çatdırılmış 126 icma layihəsindən 63-ü kənddaxili yolların təmiri, 3-ü kəndlərarası klaster tipli yolların təmiri, 26 icmada abadlıq işləri, 1-i bağça təmiri, 2-si məktəb təmiri, 7-si içməli su təchizatı, 8-i suvarma sisteminin bərpası, 8-i drenaj kanallarının təmizlənməsi, 3-ü tibb məntəqəsinin təmiri və 5-i gəlirgətirən layihə olmuşdur. Başa çatmış layihələrdən ümumilikdə 344814 nəfər faydalanmaqdadır. Daha 34 icmada isə layihələr texniki icra mərhələsindədir.

Layihənin Kənd İnfrastrukturu üçün Texniki Dəstək komponenti çərçivəsində 71 icmada 8626 nəfər kəndli səfərbərlik və 71 icmada 395 nəfərə qədər kəndli isə təlim proseslərinə cəlb olunmuşlar.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində hesabat dövründə 5 dəfə Göygöl Süni Mayalama Mərkəzində 7 nəfər SM texniki üçün 5 günlük təlim seminarı keçirilmişdir. Təlim keçmiş süni mayalama texniklərinin fəaliyyətlərinin qiymətləndirilməsi və monitorinqi aparılmışdır.

24 - 25 fevral 2017-ci il tarixlərində Göygöl rayonunda Süni mayalanma mütəxəssislərini əhatə edən İctimai Birliyin təsis edilməsi ilə bağlı iclas keçirilmişdir.

Layihə çərçivəsində Süni Mayalama Mərkəzi üçün hazırlanmış cinslər haqqında 9 ədəd stend, 16 ədəd plakat və kataloq nəşr edilmişdir.

2017-ci ilin mart ayında Türkiyənin İzmir şəhərində yerləşən Menemen Süni Mayalama Mərkəzində "Törədici heyvanların xəstəlikləri və onlara zootexniki qulluq" və "Genetik materialın laboratoriya şəraitində işlənməsi" mövzularında iki həftəlik təkmilləşmə kurslarında Göygöl rayon Baytarlıq İdarəsinin və Respublika Süni Mayalama Mərkəzinin baytar həkimləri iştirak etmişdirlər.

Layihə FAO tərəfindən rəsmi olaraq 15 dekabr 2017-ci il tarixində yekunlaşdırılıb.

FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində müvafiq idxal, ixrac və laboratoriya prosesləri və əməliyyatları üzrə metodikalar və protokollar FAO və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) əməkdaşları tərəfindən hazırlanır. Belə ki, İdxalın və ixracın yoxlanılması üzrə 10 metodik vəsait hazırlanıb, Azərbaycan dilinə tərcümə edilmişdir. Laboratoriyaya aid 15 metodik vəsait və 12 laboratoriya protokolu FAO-nun zərərvericilərin diaqnostikası üzrə milli və beynəlxalq məsləhətçilərinin nəzarəti altında DFNX-də hazırlanır.

17 mart 2017-ci il tarixində keçirilmiş beynəlxalq tender nəticəsində DFNX-nın laboratoriya mütəxəssisləri və Dövlət Gömrük Komitəsinin (DGK) müffətişləri üçün alınmış təftiş dəstləri ölkəmizə çatdırılmış, lakin çantanın daxilindəki ləvazimatlar siyahısından bir alətin göndərilməsi texniki səbəblərdən gecikir. Çantalar hazır vəziyyətə gətirilərək hər iki qurum arasında bölüşdürüləcəkdir.

DFNX və DGK işçiləri üçün layihə çərçivəsində 2016-cı ilin oktyabr ayından təşkil edilmiş ingilis dili kurslarında aidiyyəti mütəxəssislərin iştirakı təmin edilir. Layihə çərçivəsində imzalanan müqavilənin 2018-ci ilin iyun ayına qədər uzadılması barədə qərar verilmişdir.

Layihə çərçivəsində 2017-ci il ərzində beynəlxalq məsləhətçilərin iştirakı ilə DFNX və DGK müfəttişləri üçün “Karantin zərərverici orqanizmlərinin diaqnostikasının əsasları”, “Pomidor ixrac zənciri və zəncir üzrə tələb edilən fitosanitar fəaliyyətlərin effektiv təşkili”, “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması” mövzularında təlim və seminarlar keçirilmişdir.

DFNX-nin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyası üçün müasir avadanlıq alınaraq 13 iyun 2017-ci il tarixində laboratoriyada quraşdırılmışdır. Əlavə avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılaraq yeni siyahı beynəlxalq məsləhətçi tərəfindən hazırlanmış, 2018-ci ildə əlavə avadanlıqların alınması planlaşdırılmışdır. Bundan əlavə, laboratoriyanın təkmilləşdirilməsi planı və referent materiallarının siyahısı üzərində iş aparılmışdır.

DFNX-nin referent materiallar kolleksiyasının təkmilləşdirilməsi/artırılması istiqamətində referent materialların sayının 800-ə çatdırması istiqamətində FAO-nun zərərli orqanizmlərin diaqnostikası üzrə beynəlxalq və milli məsləhətçilər tərəfindən referent materiallarının siyahısı hazırlanmış, kolleksiyanın artırılması 2018-ci ilin ilk rübünə planlaşdırılmışdır.

Torpaq xəstəlikləri mövzusunda Türkiyədə təlimin keçirilməsi üçün FAO və Qarğıdalı və Buğdanın Təkmilləşdirilməsi üzrə Beynəlxalq Mərkəz (CİMMYT) arasında razılıq əldə edilərək DFNX laboratoriya mütəxəssisləri üçün CİMMYT tərəfindən 3 aprel-15 may 2017-ci il tarixlərində təlim kursu təşkil olunmuşdur. Təlimin ikinci fazasında (12-21 iyun 2017-ci il) CİMMYT-in 2 eksperti DFNX müfəttişləri və laboratoriya mütəxəssisləri ilə birlikdə torpaq və bitki nümunələrinin, laboratoriya şəraitində ilkin analizi keçirilmişdir. Nümunələr iyun ayının sonunda Türkiyəyə göndərilmiş, 2-15 iyul 2017-ci il tarixlərində DFNX laboratoriya mütəxəssisləri Türkiyəyə səfər edərək, göndərilmiş nümunələrin molekulyar və morfoloji diaqnostikasında iştirak etmişlər. Bundan başqa, onlara əlavə nematodlar və zərərvericilər barəsində də təlimlər keçirilmişdir.

18 iyul 2017-ci il tarixində FAO və Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti (DBMX) arasında saziş imzalanıb. Bu sənədə əsasən, layihə çərçivəsində DFNX yanında Respublika Karantin Ekspertiza Mərkəzinin 8 laboratoriya mütəxəssisi DBMX-də 2 qrup şəklində öz sahələri üzrə təlim keçmişlər. Birinci qrup 24 iyul – 12 avqust 2017-ci il tarixlərində, ikinci qrup isə 16 oktyabr – 3 noyabr 2017-ci il tarixlərində Riqa şəhərində təlimləri uğurla başa çatdırmışdır.

16-24 sentyabr 2017-ci il tarixlərində FAO-nun idxal və ixracın tənzimlənməsi üzrə beynəlxalq məsləhətçisinin Bakıya səfəri çərçivəsində layihənin benefisiarları ilə görüşlər keçirmiş, hazırlanan idxal və ixracın yoxlanması ilə bağlı metodikalarla tanış olmuş, səfər çərçivəsində 19-21 sentyabr 2017-ci il tarixlərində DFNX müfəttişləri üçün bitki və bitkiçilik məhsullarının ixracının sertifikatlaşdırılması üzrə praktiki təlim, Abşeron rayonunun “Meyvəli” və “Keşlə” yoxlama məntəqələrində praktiki təlim keçirilmişdir.

Layihə çərçivəsində 15 və 27 noyabr 2017-ci il tarixlərində Bakı və Gəncə şəhərlərində “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartların təmin edilməsi” və “Fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə fitosanitariya sahəsində beynəlxalq standartların təmin edilməsi” mövzularında tədbir keçirilmişdir. Tədbirdə DFNX-nın, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbər işçiləri və Bakı-Abşeron, Aran və Cənub bölgələrinin, həmçinin Gəncə, Qazax, Şəki, Zaqatala, Mərkəzi Aran bölgələrinin və Naxçıvan Muxtar Respublikasının ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak etmişdir.

6-10 dekabr 2017-ci il tarixlərində FAO-nun idxal-ixrac proseslərinin tənzimlənməsi üzrə beynəlxalq məsləhətçisinin Azərbaycana missiyası çərçivəsində 2017-ci ilin nəticələrini layihə heyəti ilə birgə müzakirə etmiş, 2018-ci ildə keçiriləcək fəaliyyətlərə dair rəy və təkliflər təqdim edilmişdir. Eyni zamanda DFNX-nin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası nümayəndələri və bitkiçilik məhsullarının istehsalçıları ilə görüşlər keçirilmiş, müvafiq mövzularda konsultasiyalar aparılmışdır.

FAO-nunAzərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsi çərçivəsində 14 mart 2017-ci il tarixində 450 ədəd ana arı cütləşmə qutularının alınması məqsədi ilə keçirilmiş beynəlxalq tender nəticəsində aprel ayında alınan ana arı cütləşmə qutularının 250 ədədi Gəncə şəhərində yerləşən Arıçılıq Mərkəzinə, 200 ədədi isə Qaxda yerləşən Api Delta özəl arıxanasına təhvil verilmişdir.

25 may-14 iyun 2017-ci il tarixlərində arıçılıqda süni mayalanma üzrə beynəlxalq mütəxəssis tərəfindən Azərbaycana 3 həftəlik səfəri zamanı Qax rayonunda və Gəncə şəhərində arıçılara süni mayalanma üzrə praktiki və nəzəri təlimlər keçirilmişdir.

15 iyul 2017-ci il tarixində Astara rayonunun İstisu kəndindən 55 ədəd müayinədən keçmiş arı pətəkləri alınmışdır və Gəncə Arıçılıq Mərkəzinə təhvil verilmişdir.

18-19 avqust 2017-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərində yerləşən Arıçılıq Mərkəzində və Qax rayonunda yerləşən Api Delta özəl arıxanasında FAO-nun beynəlxalq məsləhətçisi tərəfindən arı xəstəlikləri üzrə 2 günlük təlim seminarı keçirilmişdir. Təlimdə ölkənin müxtəlif rayonlarından 50-yə yaxın arıçı iştirak etmişdir.

29 sentyabr - 4 oktyabr 2017-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən 45-ci Apimondiya Dünya Arıçılıq Konqresində Arıçılıq Mərkəzinin direktorunun iştirakı layihə çərçivəsində təmin edilmişdir.

2017-ci ilin oktyabr və noyabr aylarında FAO tərəfindən hazırlanmış, yerli şəraitə uyğunlaşdırılmış və Azərbaycan dilinə tərcumə edilmiş arıçılar üçün təlimat kitabı 1000 nüsxədə və “Ana arı yetişdirilməsi” kitabı 500 nüsxədə nəşr olunmuş yerli arıçılara layihənin 29 dekabr 2017-ci il tarixində keçirilmiş yekun seminarında paylanmışdır. Layihənin yekun seminarında Azərbaycanın müxtəlif bölgələrindən gələn fəal arıçılar, Kənd Təsərrüfatı Nazirliyinin, digər dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri, habelə Türkiyənin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 2 nümayəndəsi iştirak etmişdir.

 

FAO-nun Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi layihəsi çərçivəsində cari ilin 6-14 aprel tarixlərində Russiya Federasiyasının Stavropol şəhərində “Çəyirtkə monitorinqi və informasiya idarə olunması” adlı Subregional Seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətin (DFNX) və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzin (DFNXRBMM) nümayəndələri iştirak etmişlər.

2017-ci ilin mart ayında keçirilmiş beynəlxalq tender nəticəsində 20 ədəd elektron planşet alınmış, DFNX-nin və DFNXRBMM-nin mütəxəssislərinə paylanılmışdır.

17 - 22 aprel 2017-ci il tarixlərində FAO-nun çəyirtkə üzrə beynəlxalq məsləhətçiləri tərəfindən “Azərbaycanda çəyirtkə monitorinqi və informasiya idarə olunması” adlı 6-günlük Milli Seminar keçirilmişdir. Seminarda Rayon Bitki Mühafizəsi Mərkəzlərinin direktorları iştirak etmişlər.

Azərbaycanda çəyirtkələrə nəzarət tədbirlərinin insan sağlamlığına və ətraf mühitə təsirinin monitorinqi sisteminin strukturu və işləməsi üçün təklif hazırlanması, iş prosesində monitorinq metodları üzrə təlim keçirilməsi məqsədi ilə 7 -11 iyun 2017-ci il tarixlərində FAO-nun aparıcı mütəxəssisi Azərbaycana səfər etmişdir. Keçirilmiş təlim üçün lazım olan kiçik laboratoriya avadanlıqları FAO tərəfindən təmin edilmişdir.

FAO-nun "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması" layihəsi çərçivəsində 16-22 aprel 2017-ci il tarixlərində ekoloji təmiz kənd təsərrüfatı üzrə FAO-nun beynəlxalq məsləhətçisinin Azərbaycana səfəri çərçivəsində layihənin sənədi, iş planı, büdcə nəzərdən keçirilmiş, aidiyyəti qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir.

İnformasiya bazası üzrə 2016-cı ildə keçirilmiş təlimlərin davamı olaraq ekoloji təmiz kənd təsərrüfatına dair marketinq kampaniyasına iyun ayından start verilərək davam etdirilmişdir. İnformasiya bazası və sənədləşmə mərkəzinin qurulması istiqamətində işlər aparılır. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Hazırda ekoloji təmiz kənd təsərrüfatı bazar təhlilinin aparılması istiqamətində işlər davam etdirilir.

Ekoloji təmiz kənd təsərrüfatına dair standartlar FAO-nun ekoloji təmiz kənd təsərrüfatı standartları üzrə milli məsləhətçisi tərəfindən və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan sənədlər FAO-nun baş texniki eksperti tərəfindən nəzərdən keçirilmişdir. Standartlar təsdiqləndiyi halda müvafiq dövlət qurumlarına təqdim olunacaqdır.

Layihəyə əlavə töhfə verilməsi üçün, ekoloji təmiz balın dəyər zəncirinin ilkin təhlili FAO-nun beynəlxalq mütəxəssisləri tərəfindən 10-15 iyul 2017-ci il tarixlərində Azərbaycana səfəri çərçivəsində həyata keçirilmişdir. Bu missiyanın nəticəsində ilkin məlumatlar toplanılıb və təhlil edilmişdir. Pilot sahəyə baxış, təkliflər və tövsiyələrin verilməsi, ekoloji təmiz balın istehsalı üçün ilkin təchizatların müəyyən edilməsi məqsədi ilə daha praktiki missiyanın təşkili 2018-ci ildə gözlənilir.

23-28 oktyabr 2017-ci il tarixlərində ekoloji təmiz kənd təsərrüfatı üzrə FAO-nun beynəlxalq məsləhətçisinin missiyası çərçivəsində layihənin sənədi, iş planı və büdcəsi nəzərdən keçirilərək, aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilmişdir. 21-24 noyabr 2017-ci il tarixlərində nəzərdə tutulan ekoloji təmiz kənd təsərrüfatı müfəttişləri üçün təlim hazırlıqları aparılmışdır.

19-25 noyabr 2017-ci il tarixlərində ekoloji təmiz kənd təsərrüfatı üzrə FAO-nun beynəlxalq məsləhətçisi və ekoloji təmiz kənd təsərrüfatının akkreditasiyası, təftişi və sertifikasiyası üzrə beynəlxalq məsləhətçisi Azərbaycana səfəri çərçivəsində 21-24 noyabr 2017-ci il tarixlərində ekoloji təmiz kənd təsərrüfatı müfəttişləri üçün nəzəri təlim və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda praktiki təcrübələr keçirmişdir. Təlimin nəticələri iştirakçılar, benefisiar qurumlar və FAO nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir. 24 noyabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi və FAO tərəfindən Göyçay rayonunda “Strateji Yol Xəritəsinin İcrası ilə bağlı ekoloji təmiz nar istehsalı sahələrinin genişləndirilməsi və təşviqi” adlı konfrans keçirilmişdir.

Layihə çərçivəsində ekoloji təmiz məhsul, ekoloji təmiz əkinçilik, dəyər zənciri, məhdudiyyətlər və cari vəziyyət haqqında qiymətləndirilmə aparılmış, ekoloji təmiz kənd təsərrüfatı mövzusunda toplanılan məlumatlar, sorğu nəticələri “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı – hazırki vəziyyət və gələcəkdə inkişaf potensialı” adlı kitabda əks etdirilimişdir. Bu kitab FAO-nun beynəlxalq və milli məsləhətçiləri tərəfindən hazırlanaraq, layihənin baş texniki eksperti tərəfindən redaktə edilmiş, kitabın mətni FAO ekspertləri, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumların nümayəndələri tərəfindən təhlil edilərək, müvafiq tövsiyələr nəzərə alınmışdır. Kitabın 3 dildə - Azərbaycan, İngilis və Rus dillərində çap olunması 2018-ci ilin yanvar ayında gözlənilir.

Eyni zamanda, FAO-nun beynəlxalq məsləhətçisi tərəfindən layihə müddətində toplanılan məlumatlara əsasən seçilmiş ekoloji təmiz məhsullar üçün büdcələr hazırlanmışdır.

Maarifləndirmə və məlumatlandırma məqsədi ilə layihənin heyəti tərəfindən hazırlanan posterlərin 2018-ci ilin yanvar ayında çap edilərək 52 rayona göndərilməsi planlaşdırılmışdır. Əlavə olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qısa video-çarx hazırlanır.

Layihənin fəaliyyətlərinin uğurlu yerinə yetirilməsi üçün layihənin icra müddəti 30 aprel 2018-ci il tarixinə uzadılması barədə FAO-ya rəsmi müraciət edilmişdir.

FAO-nun “Azərbaycanda Toxumçuluq Sektorunun İnkişafına Dəstək” layihəsi çərçivəsində 6-10 mart 2017-ci il tarixlərində FAO-nun missiyasının Azərbaycana səfəri zamanı Toxumçuluq və Bitki Sortlarının Mühafizəsi haqqında hazırlanmış 2 yeni qanun layihəsi müzakirəsi məqsədilə maraqlı tərəflərin iştirakı ilə seminar keçirilmiş, 9 mart 2017-ci il tarixində missiya Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olmuş, Toxumçuluq Eksperimental Stansiyasının imkanlarının və zirvə buğda tədqiqat sahələrin qiymətləndirilməsi məqsədi ilə Qobustan rayonuna səfər etmişdir.

Layihə çərçivəsində cari il ərzində İsmayıllı, Şəki, Ağdam, Qobustan, Səlyan, Göygöl, Quba rayonlarında və Bakı şəhərində “Prioritet bitkilər üçün becərilmə və istifadə dəyəri”, “Sahə və dənli toxum müayinəsi”, “Prioritet bitkilər üçün toxum sertifikatlaşdırması”, “Prioritet buğda sortlarının nümayişi”, “Yonca üçün fərqlilik, həmcinslik və sabitlik testi”, “Pambıq sortlarının nümayişi”, “Pambıq üçün fərqlilik, oxşarlıq və sabitlik testi”, “Toxum nümunələrinin götürülməsi və təmizlik sınağı”, “Toxum cücərməsi” və “Toxum sertifikatlaşdırılması” movzularında FAO və Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının, fermerlərin, aqronomların və sahibkarların iştirakı ilə təlim və seminarlar keçirilmişdir.

Layihə çərçivəsində Beynəlxalq Toxum Sınaq Assosasiyası (İSTA)-nın məlumat kitabçası İSTA katibliyindən alınıb və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir. İSTA qaydalarının (kitabının) Azərbaycan dilinə tərcüməsinin yekunlaşması 2018-ci ilin yanvar ayında gözlənilir.

22-26 may 2017-ci il tarixlərində toxum sortlarının sınağı və toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma sahələrində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dovlət Xidmətinin (KTNBSQTNDX) və KTNBSQTNDX-nın Kimya Texnoloji Laboratoriyasının 3 nəfər mütəxəssisi Türkiyə Respublikasına səfər etmişdir.

Layihə çərçivəsində keçirilmiş beynəlxalq tender nəticəsində taxıldöyən maşın, toxumsəpən və toxum təmizləyən avadanlıqlarının hər birindən iki ədəd olmaqla alınaraq 2017-ci ilin may ayında Azərbaycana gətirilmiş və 13-14 iyun 2017-ci il tarixlərində İsmayıllı və Səlyan Dövlət Sort Sınaq Məntəqələrinə təhvil verilərək, avadanlıqların istifadə qaydasına dair “Turan Maksan” şirkəti tərəfindən KTNBSQTNDX-nın mərkəzi və regional laboratoriyalarının 23 əməkdaşı üçün təlim keçirilmişdir.

FAO-nun milli məsləhətçisi tərəfindən Azərbaycanda toxum təlabatı üzrə 2017-ci ilin iyun-sentyabr aylarında milli sorğu keçirilərək sorğunun nəticələri və onların təhlilinə dair hesabat beynəlxalq məsləhətçilər və ekspertlərin rəyləri nəzərə alınaraq hazırlanmışdır. Hesabat 21 dekabr 2017-ci il tarixində keçirilən, layihənin yekun seminarında təqdim edilmişdir.

Göygöl və Quba Regional Toxum Sertifikatlaşdırma laboratoriyaları üçün müvafiq avadanlıqların ilkin siyahısı tərtib edilmiş, 2017-ci ilin oktyabr-noyabr aylarında işə salınmış və yuxarıda qeyd olunan təlimlər keçirilmişdir.

Mərkəzi Toxum Sertifikatlaşdırma Laboratoriyasının dizaynı hazırlanmış, müvafiq avadanlıqların siyahısı tərtib edilmiş və bir qismi alınmışdır.

Toxum Siyasəti Strategiyasının həyata keçirilməsi Milli Fəaliyyət Planının hazırlanması davam etdirilmiş, toxum keyfiyyəti standartları nəzərdən keçirilmişdir. Toxumların keyfiyyətinin yoxlanılması, qeydiyyatı və mühafizəsi üzrə hazırlanması istiqamətində işlər aparılmışdır. “Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma qaydası” və “Bitki sortlarının sınağının aparılması və qeydiyyatı qaydaları” hazırlanaraq 8 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş iclasda iştirakçıların rəylərini nəzərə almaqla tamamlanan qaydaların yekun versiyaları 21 dekabr 2017-ci il tarixində keçirilən layihənin yekun seminarında təqdim edilmişdir.

FAO-nun milli məsləhətçisi tərəfindən Toxum Siyasəti Strategiyasının həyata keçirilməsi üçün Milli Fəaliyyət Planı, Azərbaycanda Toxum Sektorunun Təhlili hesabatı 2017-ci ilin oktyabr-dekabr aylarında hazırlanaraq FAO ilə razılaşdırılmışdır.

“Azərbaycanda Toxumçuluq Sektorunun İnkişafına Dəstək Layihəsi” və “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın Hazırlanması və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihəsi” çərçivəsində 11-15 dekabr 2017-ci il tarixlərində FAO Avropa və Mərkəzi Asiya Regional Ofisindən gender məsələləri üzrə ekspertinin Azərbaycana səfəri zamanı dövlət və BMT qurumlarının, QHT-in və milli assosiasiyaların nümayəndələri, Gəncə, Samux, Göygöl və Səlyan fermerləri ilə görüşlər/müsahibələr keçirilmiş və FAO layihələrində gender sahəsində daha effektiv işlərin görülməsi üzrə təkliflər verilmişdir.

Sertifikatlaşdırılmış prioritet bitki toxumlarının marketinqinə dəstək üçün reklam materialları hazırlanaraq, ilk kataloqlar və əlavə reklam materialları kimi KTNBSQTNDX tərəfindən hazırlanan posterlər çap olunmuşdur.

21 dekabr 2017-ci il tarixində keçirilmiş layihənin yekun seminarı çərçivəsində FAO və KTNBSQTNDX-nın nümayəndələri tərəfindən Azərbaycan toxum sektorunun cari vəziyyəti, layihənin nəticələri və əldə olunan uğurlar, layihə çərçivəsində hazırlanan sənədlər (Milli Fəaliyyət Planı, müvafiq qaydalar) barəsində və digər təqdimatlar edilmişdir. Layihənin nəticələri bütün iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində 26 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində Rəhbər Komitənin ikinci iclası keçirilmiş və iclasda “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Azərbaycanın yüksək və alçaq dağlıq əraziləri üçün dayanıqlı qoyunçuluq istehsalı strategiyalarının hazırlanması” və “Azərbaycanda xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması” layihələr rəhbər komitə tərəfindən təsdiq edilmişdir.

Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı” çərçivəsində 23 adda (141 ədəd) avadanlıq satın alınaraq cari ilin may ayında ölkəmizə gətirilmişdir. 2017-ci il 24 may – 02 iyun tarixlərində tenderdə qalib gəlmiş “Ogawa Seiki Co., LTD” şirkətinin aidiyyəti nümayəndələrinin ölkəmizə səfəri baş tutmuşdur. Səfər çərçivəsində 2017-ci il 24–27 may tarixlərində avadanlıqlara baxış keçirildikdən sonra Nazirliyin aidiyyəti qurumlarına təhvil verilmişdir.

Müqaviləyə əsasən bəzi avadanlıqlar quraşdırılmış, eyni zamanda, Baytarlıq, Heyvandarlıq, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat institutları, o cümlədən Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyalarının mütəxəssislərinə bəzi avadanlıqların quraşdırılması və istifadəsi üzrə təlimlər keçirilmişdir.

Avropa İttifaqının “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək” Tvinninq layihəsi çərçivəsində 2017-ci ilin birinci yarımilliyində Fransa və Macarıstandan olan ekspertlərin iştirakı ilə 13 ekspert missiyası həyata keçirilmişdir. Ekspert missiyaları tərəfindən DBNX-nın prioritet xəstəliklər kimi qəbul etdiyi quduzluq, yüksək patalogiyalı quş qripi, nodulyar dermatit, xırdabuynuzlu heyvanların taunu, nyukasl və brüselyoz xəstəlikləri üzrə təlimlər həyata keçirilmişdir.

2017-ci ilin 21-28 mart tarixlərində Fransada keçirilən təlim səfərində DBNX-nın 4 əməkdaşı iştirak etmişdir.

DBNX-nın 1 əməkdaşı 2017-ci ilin 5-26 may tarixlərində Fransanın Lion şəhərində qida təhlükəsizliyi haqqında təşkil edilmiş təlimdə iştirak etmişdir.

Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən 2017-ci ilin ilk 6 ayı ərzində DBNX-nin strukturunun yenidən təşkili məsələlərini əhatə edən ekspert missiyaları 3 dəfə ölkəmizə səfər etmişlər.

2017-ci ilin III rübü ərzində layihə çərçivəsində 5 qısamüddətli ekspert missiyası təşkil edilmişdir. Macarıstandan və Fransadan olan ekspertlər tərəfindən qanunvericilik, heyvan xəstəliklərinin idarə edilməsi üzrə Standart Əməliyyat Prosedurları, Beyləqan rayonu Baytarlıq İdarəsində ətraf rayonların baytar həkimləri üçün riskin qiymətləndirilməsi və idarə edilməsi, həmçinin DBNX-nin təşkilati strukturunun təkmilləşdirilməsi üzrə təlimlər keçirilmişdir.

2017-ci ilin IV rübü ərzində Tvinninq layihəsi çərçivəsində DBNX-nə 8 qısamüddətli ekspert missiyası və Macarıstana 1 həftəlik təlim səfəri çərçivəsində müəyyən edilmiş prioritet xəstəliklərdən olan Nodulyar Dermatit, Quş Qripi, Xırda Buynuzlu Heyvanların (XBH) taun xəstəliklərinə aid qaydalar və Fövqəladə planlar, XBH-ların taun xəstəliyi üzrə nəzarət protokolu hazırlanmış, Macarıstanın Mərkəzi və yerli səviyyədə baytarlıq xidmətlərinin işi ilə tanışlıq olmuşdur. Quduzluq xəstəliyinə qarşı mübarizə tədbirlərinin görülməsi məqsədi ilə aidiyyati dövlət qurumlarının iştirakı ilə yüksək səviyyəli görüş keçirilmişdir. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra sənədlər işlənib hazırlanmış və böyük miqyasda çap edilmişdir. Eyni zamanda Bərdə rayonunda Epidemioloji müşahidə şəbəkəsinin idarə edilməsi mövzusunda 3 gün, Quba rayonunda isə Heyvan sağlamlığı sahəsində təhlükənin müəyyən edilməsi, riskin qiymətləndirilməsi və idarə edilməsi mövzusunda 2 günlük təlimlər keçirilmişdir.

Avropa İttifaqının “Azərbaycanda Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım layihəsi” çərçivəsində subsidiyalara nəzarət və onların idarə edilməsi üçün Subsidiya və Siyasətə dair İnformasiya Sistemi (SSİS) (proqram həlləri) qiymətləndirilmiş və keyfiyyətə nəzarət icra edilmişdir eləcə də gələcək tələblər formalaşmışdır, yəni elektron kənd təsərrüfatının icrası və tətbiqi üçün İT strategiyası hazırlanmışdır. Kənd Təsərrüfatının müvafiq əməkdaşları üçün Litvada “Torpaq Sahələrinin İdentfikasiyası Sistemi (TSİS) və yardımların idarə edilməsi prosesi” üzrə təlim keçirilmişdir.

İstifadə edilən kənd təsərrüfatı torpaqlarının məkan istinad məlumatlarının bazası, parsellərin coğrafi məlumatları və uyğun olmayan (yararsız) obyektlərlə bağlı müvafiq məlumatların yaradılması və saxlanması, məkan məlumatlarının idarə edilməsi üçün prosedurlar və metodlar hazırlanmışdır.

Layihə çərçivəsində “Uyğun olmayan elementlər layının yenilənməsi”, “Müxtəlif töhfələr və mənbələr əsasında məkan məlumatlarının yenilənməsi”, “SSİS proqram təminatının yeni versiyası ilə yenilənməsi, elementlər üçün sorğu və satınalmalar” “Regional şəbəkə üçün uyğun olan İnteqrasiya Olunmuş Administrativ və Nəzarət Sistemi (İACS) və TSİS-lə bağlı bütün məsələlər” mövzularında təlimlər keçirilmişdir.

Yerində Yoxlamalar üçün tələb olunan prosedurlar və metodlar hazırlanmış, “GPS qurğuları, ölçmələr barədə metodları və dəqiqlik”, “GPS ölçmələrinin işlənməsi”, “Məsafədən zondlama ilə yoxlama”, “Çöldə yerinə yetiriləcək bütün Yerində Yoxlamalar” və “Mövcud peyk şəkillərindən istifadə, yerində faktiki məlumatların toplanması və dosye səviyyəsində nəticələrin yekun olaraq qiymətləndirilməsi” mövzularında təlimlər keçirilmişdir.

Kənardan təqdim edilən məlumatlar üçün Keyfiyyətə Nəzarət prosedurları və institusional məlumat mübadiləsi prosedurları hazırlanmış, “Məkan məlumatlarının keyfiyyətinin yoxlanması prosedurları” mövzusunda təlim keçirilmişdir.

İT sisteminin istismarı və yenilənməsi üçün prosedurlar hazırlanmış və tətbiq edilmiş, gələcək SSİS və digər İnformasiya Sistemləri ücün müqavilələrlə bağlı təkliflər hazırlanmış, funksional tələblərin hazırlanması üzrə prosedur və metodologiyaların hazırlanmasına mövzusunda təlim keçirilmişdir.

Prosedurlar üçün təlimatlar hazırlanmış və KTN-in yeni rayon idarələri şəbəkəsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə bağlı funksiyalar təyin edilərək 5 pilot rayonda tətbiq edilmişdir (rayon və şəhər filialları). KTN-in Rayon Kənd Təsərrufatı İdarələri və müvafiq qurumları üçün subsidiya ərizələrinin idarə edilməsi və yerində yoxlamaların icrası üçün təlimatlar, təbliğat materiallarına dair nümunələrlə birgə İctimai Agahlıq Kampaniyası üçün Strategiya hazırlanmışdır. “E-təlimat sistemi Faktların aşkarlanması, izahlı təlim və iş planı”, “Daxili audit və daxili nəzarət”, “Daxili audit təlimatı, daxili auditin simulyasiyası və prosedurlar və keyfiyyətə daxili nəzarət üzrə qaydalar”, “SSİS-lə bağlı bütün nəzarət prosesləri, prosedurların hazırlanması və subsidiyaların işlənməsi”, “Risk Analizi” və “Peyk məlumatları və Ərizələr” mövzularında təlimlər keçirilmişdir.

Kənd təsərrüfatı bazar informasiya sistemi və mövcud kənd təsərrüfatı məlumat bazalarının inteqrasiyası üçün texniki spesifikasiyalar, FAO-nun texniki dəstək layihəsi çərçivəsində hazırlanmış sistemlərin analizi və onların elektron kənd təsərrüfatı sistemlərinə inteqrasiyası ilə bağlı tövsiyələr hazırlanmışdır.

“Məlumatlar Mübadiləsi və Müştərək İstifadəsi (MMMİ) arasında fərq”, “MMMİ Konsepsiyası: MMMİ-nin qurulması - necə başlamaq lazımdır? Məlumat Adaları arasında Körpünün yaradılması”, “Açıq məlumat siyasəti ilə bağlı maarifləndirmə” və “SSİS və Yerində Yoxlamanın avtomatik idarə edilməsi üçün mövcud İT həlləri” mövzularında təlimlər keçirilmişdir.

3 noyabr 2017-ci il tarixində Aİ tərəfindən maliyyələşdirilən “Elektron kənd təsərrufatı komponentinin icrası və prosedurların həyata kecirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin Konsorsium uzvləri, Aİ Numayəndəliyi, Kənd Təsərrufatı Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yekun konfransı keçirilmişdir.