Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 2016-cı ildə kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 36 rayonunda aqrar sektorda çalışan 233 sahibkara 11,4 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Güzəştli kreditlərin verilməsi nəticəsində 513 daimi və müvəqqəti iş yeri açılmışdır.

Dövlət Xidməti tərəfindən icra edilən beynəlxalq layihələrin kredit komponenti çərçivəsində aqrar sektorda çalışan 98 sahibkara 11,8 milyon manat məbləğində kreditlər verilmişdir. Kreditlərin verilməsi nəticəsində 417 daimi və müvəqqəti iş yeri açılmışdır.

Quba regional Fermer Evi tərəfindən ümumilikdə Quba, Qusar, Xaçmaz, Şabran və digər rayonlardan olan 1106 fermerə informasiya-məsləhət xidməti göstərilmişdir ki, bunlardan 345 fermerə (kənd təsərrüfatı texnika və avadanlıqlarının alınması 67 (21 %), güzəştli kreditin alınması 14 (4 %), heyvandarlığın inkişaf etdirilməsi və mühafizəsi 18 (6 %), meyvəçiliyin inkişaf etdirilməsi 38 (12 %), bitkiçiliyin mühafizəsi 52 (16 %), bağçılığın inkişaf etdirilməsi 80 (24 %), marketinq məsələləri 47 (14%) və digər rayonlardan Fermer evinə müraciət etmiş fermerlərin müxtəlif məsələləri üzrə 11 (3 %) ofis şəraitində, o cümlədən 169 fermerə qrup şəklində (bağçılığın inkişaf etdirilməsi 143, tərəvəzçiliyin inkişaf etdirilməsi 6, taxılçılığın inkişaf etdirilməsi 1 və kartofçuluğun inkişaf etdirilməsi üzrə 3), 173 fermerə fərdi qaydada onların təsərrüfatlarında nəzəri-praktiki məsləhətlər verilmiş və 419 fermer üçün isə təlim və seminarlar həyata keçirilmişdir.

Cari ilin 9 mart tarixində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin dəstəyi ilə  Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının müştərək layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” çərçivəsində Qubada  maliyyə savadlığına dair ilk təlim seminarı keçirilmişdir. Seminarın məqsədi planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun  müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması sahəsində fermerləri təlimləndirməkdir. 2016-cı ilin 13 aprel tarixində Lənkəran, 29 aprel tarixində Samux, 9 sentyabr tarixində Beyləqan rayonlarında “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” çərçivəsində maliyyə savadlığına dair növbəti təlim seminarları keçirilmişdir.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə birgə cari ilin 11 mart tarixində Beyləqan, 22 aprel tarixində Şəki, 27 may tarixində Tərtər və  07 iyun  tarixində Qobustan rayonularında “Taxıl əkinlərində yaz qulluq işlərinin vaxtında aparılması məhsuldarlığı şərtləndirən başlıça amillərdəndir” və taxıla aid digər mövzularda elmi-praktiki seminarlar keçirilmişdir. 15 iyul 2016-cı il tarixində Lənkəran şəhərində “Tərəvəz və çəltik bitkilərinin yeni yüksək məhsuldar sortlarının nümayişi, onların becərmə texnologiyası və toxumçuluğun təşkili” mövzusunda keçirilmiş elmi-praktiki seminarda “İnformasiya-məsləhət xidməti sahəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda da iştirakçılara ətraflı məlumat verilmişdir. 26 iyul 2016-cı il tarixində Salyan rayonunda “Muğan-Salyan bölgəsində pambıq və yonca bitkilərinin mütərəqqi becərmə texnologiyaları, növbəli əkinlərin üstünlükləri, yeni sortların nümayişi və elit toxum istehsalının elmi əsasları” mövzusunda və 23 sentyabr 2016-cı il tarixində Samux rayonunda “Pambığın mütərəqqi becərmə texnologiyaları, xəstəliklərdən və zərərvericilərdən mühafizəsi üzrə inteqrir mübarizə tədbirləri, baramaçılıq və arıçılıq sahəsində əldə olunan nailiyyətlər” mövzusunda elmi-praktiki seminar keçirilmişdir. “Yem bitkilərinin rayonlaşdırılmış və prespektivli sortlarının üstünlüklərinin nümayişi və toxumçuluğunun təşkili” mövzusunda 04 noyabr 2016-cı il tarixində Sabunçu rayonunda yerləşən Əkinçilik Elmi Tədqiqat İnstitutunda birgə elmi-praktiki seminar keçirilmişdir. 30 noyabr 2016-cı il tarixində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən institutun Zaqata rayonunda yerləşən Dayaq Məntəqəsində “Fındıqçılığın inkişafında yeni texnologiyaların tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Qeyd olunan tədbirlərdə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı təmin edilmiş və nümayəndələr tərəfindən müvafiq təqdimatlar və cıxışlar edilmişdir.

Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikro-layihəsi çərçivəsində Ağcabədi rayonu üzrə 178 baş, Bərdə rayonu üzrə 189 baş, İmişli rayonu üzrə isə 149 baş Avstriyadan gətirilmiş Simmental cinsli heyvanlar paylanılmışdır. Ümumilikdə Bərdə rayonu üzrə 504,5 min manat, İmişli rayonu üzrə 384,4 min manat, Ağcabədi rayonu üzrə 483,8 min manat kredit verilmişdir. Layihə çərçivəsində fermerlərə güzəştli şərtlərlə paylanılmış ətlik-südlük istiqamətli simmental cins boğaz iribuynuzlu heyvanların artımı baş tutmuşdur. Belə ki, Bərdə rayonu üzrə paylanılmış heyvanlardan 161, Ağcəbədi rayonu üzrə 170, İmişli rayonu üzrə 141 sağlam buzov əldə edilmişdir. Layihə çərçivəsində ümumilikdə bütün təsərrüfatlarda rübdə bir dəfə olmaqla ardıcıl olaraq monitorinq keçirilir, o cümlədən heyvanların cari vəziyyətinin monitorinqi, xəstəliklərə qarşı mübarizə, yem rasionuna uyğun yemləmə və sağlam doğuş keçirilməsi üçün 4 baytar həkim işə cəlb edilmişdir. Layihə çərçivəsində 16, 23 və 24 iyul tarixlərində Ağcabədi və Bərdə rayonlarında beynəlxalq ekspertin iştirakı ilə fermerlər üçün “Süd istehsalının əsasları” və “Yem rasionunun tərtib olunması” mövzularında təlimlər təşkil edilmişdir. Bununla yanaşı, yaxşı təcrübənin öyrənilməsi məqsədilə 04, 06 və 10 oktyabr tarixlərində fermerlərin iri heyvandarlıq və südçülük kompleksinə mübadilə səfərləri təşkil olunmuş və səfər ərzində fermerlər heyvanların düzgün bəslənilməsi və yemlənməsi qaydaları haqqında geniş və əyani şəkildə məlumatlandırılmışdır.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin (KTRQGL) aqrobiznesə maliyyə xidmətləri komponenti çərçivəsində kənd təsərrüfatı sahəsində mövcud kreditləşmə mexanizmlərinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin, habelə yeni kredit məhsullarının hazırlanması məqsədilə Almaniyanın “Frankfurt School of Finance and Management” şirkəti tərəfindən hesabat təqdim edilmiş və razılaşdırılmışdir. Hazırda şirkət tərəfindən təklif olunan məhsul və strategiyanın tətbiqi üçün qanunvericilik və İT sahəsi üzrə təkliflər hazırlanır.

Layihənin Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi subkomponenti çərçivəsində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) heyəti üçün keçiriləcək zərərvericilərin risk analizi və zərərvericilərə qarşı mübarizə tədbirləri mövzularında təlim ehtiyacları müəyyən edilmişdir. DFNX-nın mərkəzi laboratoriyaları üçün tikilməsi nəzərdə tutulan yeni binanın dizaynı, planı və sxemi müəyyənləşdirilmişdir. Zərərverən Orqanizmlərə qarşı İnteqrasıya olunmuş mübarizə tədbirləri mövzusunda təlimlərin səmərəli keçirilməsi üçün respublika üzrə aidiyyəti qurumların iştirakı ilə Azərbaycan Dövlət Aqrar Universitetində 10 mart 2016-cı il tarixində keçirilmiş dəyirmi masada prioritet kənd təsərrüfatı bitkiləri, təlimlərin keçiriləcəyi regionlar və mövzular müəyyən edilmişdir. 03 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilmiş beynəlxalq elmi konfrans çərçivəsində “Zərərverici orqanizmlərə qarşı inteqrir mübarizə metodları” mövzusunda sessiyanın təşkil edilməsi Layihə tərəfindən dəstəklənmişdir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Respublika Bitki Karantin Ekspertizası və Respublika Toksikologiya laboratoriyaları üçün alınması nəzərdə tutulan avadanlıqların satınalınması prosesinə başlanılmışdır.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri sub-komponenti çərçivəsində ölkə üzrə brusellyoz xəstəliyinin yayılma səviyyəsini (privalentliyini) müəyyən etmək məqsədilə 2015-ci ilin noyabr ayından başlanmış fəaliyyətin davamı olaraq cari ildə Bərdə, Göyçay, Lənkəran, Salyan Zona Baytarlıq Laboratoriyaları (ZBL) və Respublika Baytarlıq Laboratoriyasına aid rayonlarda (19 rayon, 95 kənd və 15 qışlaq) iri və xırdabuynuzlu heyvanlar arasında serosorğular həyata keçirilmiş və nəticədə 92389 heyvandan qan nümunələri toplanılmış və nümunələrin serumu ayrılaraq serum bankı yaradılmışdır. Toplanan qan nümunələri barədə bütün məlumatlar xüsusi elektron bazaya yüklənilmişdir. Tədbirə praktiki olaraq sahə baytarlıq məntəqələrinin mütəxəssisləri, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsinin 56 nəfər tələbəsı cəlb olunmuşdur. Xəstəliklərə nəzarət və monitorinq sisteminin təkmilləşdirilməsi, heyvan xəstəlikləri proqramının effektivliyinin optimallaşdırılması, brusellyoza qarşı mübarizə ilə bağlı milli proqramın icrasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) yardım göstərilməsi məqsədilə seçilmiş beynəlxalq ekspertin (epidemioloq) ölkəyə növbəti səfər zamanı serosorğuların nəticələri təhlil edilmiş və aparılmış təhlillərin nəticəsi barədə müvafiq təklifləri əks etdirən hesabat hazırlanmışdır.

Brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə üçün nəzərdə tutulmuş 6.5 milyon vaksin təchiz edilmiş və bütün ölkəni əhatə edən peyvəndləmə kampaniyası yekunlaşmaq üzrədir. DBNX tərəfindən ölkə üzrə aparılan həmin peyvəndləmə kampaniyasına sub-komponent tərəfindən bütün rayonlarda nəzarət həyata keçirilmiş və ADAU-nun baytarlıq fakültəsinin 50 nəfər tələbəsi iştirak etmişdir. İribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı nəzərdə tutulan peyvəndləmə kampaniyası üçün peyvəndin növü seçilmiş və satınalma prosesinə başlanılmışdır.

ADAU nəzdində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması məqsədilə nümunəvi fermanın tikintisi ilə bağlı layihə smeta işlərinin hazırlanması davam etdirilmişdir.

Layihə çərçivəsində nəzərdə tutulmuş insanlar arasında brusellyoz xəstəliyinin yayılma dərəcəsini (privalentliyini) müəyyən edəcək serosorğuların keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyası ilə birgə serosorğuların keçirilməsi üçün lazım olan reagent və avadanlıqların siyahısı hazırlanmış və razılaşdırılmışdır. Brusellyoz xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində əhalinin maarifləndirilməsi məqsədilə videoçarx və bukletlər hazırlanmış, KİV-də yayımlanmışdır.

Xırdabuynuzlu heyvanlarda taun və dabaq xəstəliklərinin tədqiqatını aparmaq üçün lazım olan ləvazimatlar alınmış və Bərdə, Quba, Salyan, Beyləqan, Sabirabad, Lənkəran, Tovuz, Göygöl, Qax, Qəbələ Zona Baytarlıq Laboratoriyalarındakı serum banklardan toplanılmış qan nümunələrin üzərində Respublika Baytarlıq laboratoriyasında muayinə işləri həyata keçirilmişdir. Layihə tərəfindən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 35 nəfər laboratoriya mütəxəssisi 12 mövzu üzrə mərhələli şəkildə Türkiyə Respublikasında təşkil edilmiş təkmilləşdirmə kurslarına göndərilmişlər.

Aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi subkomponenti çərçivəsində Xidmət Təminatçısı seçilmiş və təşkilatla müqavilə imzalanmışdır. Dəyər zənciri üzrə beynəlxalq məsləhətçinin seçimi yekunlaşmış və məsləhətçi fəaliyyətə başlamışdır. Layihənin həyata keçirilməsi üçün subkomponent üzrə Əməliyyat Təlimatının təkmilləşdirilməsi işləri beynəlxalq mütəxəssisin iştirakı ilə hazırlanmışdır. Xidmət Təminatçısı və KTRQGL işçi heyətinin iştirakı ilə Gəncə şəhərində başlanğıc (start-up) təlimi keçirilmişdir. Eyni zamanda beynəlxalq mütəxəssisin iştirakı ilə Layihənin Dəyər zəncirinin inkişafı üzrə katiblik tərəfindən Xidmət Təminatçısı işçi heyətinin bilik və bacarıqların artırılması məqsədilə təlim həyata keçirilmişdir. Aqrobiznes dəyər zəncirləri üzrə modellərin qurulması məqsədilə 30 rayonda potensial iştirakçılar üçün informasiya-təbliğat kampaniyası həyata keçirilmişdir. Samux rayonunda meyvə qurudulması ilə məşğul olan və Bərdə rayonunda mozarella pendirinin istehsalı ilə məşğul olan dəyər zəncirinin konsepsiya sənədləri hazırlanmış və Dünya Bankı tərəfindən təsdiq edilmişdir. Bərdə rayonunda ət emalı ilə məşğul olan dəyər zəncirinin konsepsiya sənədi hazırlanmış və Dünya Bankına təsdiq üçün təqdim edilmişdir. Ümumilikdə xidmət təminatçısı tərəfindən 27 konsepsiya sənədi hazırlanır. Konsepsiya sənədlərinin qiymətləndirməsi üçün qiymətləndirmə forması təkmilləşdirilmişdir.

Dəyər zəncirlərinin inkişafı katibliyi və xidmət təminatçısı iyul-noyabr aylarında respublika üzrə bütün zonalarda (fermerlər, aqrobiznes müəssisələrinin nümayəndələri) hədəf qruplarla görüşlər keçirmiş, maraqlı tərəflərin fəaliyyət istiqamətləri ilə yerlərdə tanış olmuş, layihə tərəfindən dəstəklənə biləcək investisiya təkliflərin uyğunluğunu nəzərdən keçirmiş və konsepsiya sənədinin hazırlanması üçün məlumat toplanmış və konsepsiya sənədlərinin Dəyər zəncirlərinin inkişafı katibliyinə daxil olmağa başlamışdır.

Toxum sektorunun inkişaf etdirilməsi istiqamətində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin beynəlxalq standartlara uyğun Əsas Sınaq Laboratoriyası və regional toxum laboratoriyaları üçün beynəlxalq standartlara cavab verən dizayn və avadanlıq təchizatının təmin edilməsi məqsədilə satınalma işləri həyata keçirilir. Bundan başqa mərkəzi kimya texnoloji laboratoriyası və sort sınaq məntəqələrinin avadanlıqla təchiz edilməsi istiqamətində hazırlıq işləri aparılır.

Elmi Tədqiqat Əkinçilik İnstitutunun (ETƏİ) Dənin keyfiyyəti laboratoriyası, Sortların Təkmilləşdirilməsi üzrə tədqiqat işləri üçün laboratoriya və tədqiqat avadanlıqarı və institutun  tədqiqat stansiyaları üçün toxum emal edən və təmizləyən avadanlıqların siyahısı və texniki göstəriciləri hazırlanmışdır. ETƏİ-nin laboratoriyaları və tədqiqat stansiyaları üçün alınacaq avadanlıqlarının satınalınma işləri yekunlaşmış və qalib şirkətlə müqavilə bağlanılmışdır.

“Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (KYKİL) çərçivəsində layihə rayonlarında (Yevlax, Ağdaş, Şəki, Oğuz) xidmət göstərən 20 nəfər süni mayalama texniki tərəfindən 4 rayon üzrə 56 kənddə 836 baş iribuynuzlu heyvan arasında süni mayalama aparılmış, ötən ildə iribuynuzlu heyvanlar arasında aparılmış süni mayalama tədbirlərinin nəticəsi olaraq Yevlax rayonu üzrə 54 baş, Ağdaş rayonu üzrə 121  baş, Şəki rayonu üzrə 148  baş, Oğuz rayonu üzrə isə  67 baş, ümumilikdə rayon üzrə 390 baş cins buzov doğulmuşdur. Bundan başqa üç baytarlıq məntəqəsində xidmət göstərən 6 nəfər baytar həkim tərəfindən layihənin əhatə etdiyi rayonların 140 dağlıq kəndlərində heyvanlarda xəstəliklərə qarşı müalicə profilaktika tədbirlərinin aparılması məqsədilə 741 ailə-fermer təsərrüfatında 1573 baş iribuynuzlu, 24480 baş xırdabuynuzlu, 50 baş digər heyvanlara və 71566 ədəd quşlar arasında baytarlıq xidmətləri göstərilmişdir.

“Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi”nin icrasına dəstək missiyasının 2016-cı ilin 29 may – 04 iyun tarixlərində Azərbaycana səfəri zamanı Kənd Təsərrüfatı Nazirliyində, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında Ucar və Şəki Regional Toxum Nəzarəti və Sertifikatlaşdırma laboratoriyalarında, Göyçay Dövlət Sort-sınaq məntəqəsində müvafiq görüşlər keçirilmişdir. KYKİL-ın ”Kənd Təsərrüfatının məhsuldarlığı və Rentabelliyinin Artırılması” komponenti çərçivəsində Layihə vəsaitlərinin yenidən bölüşdürülməsi ilə bağlı Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonddan (İFAD) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dəstəyin göstərilməsi üçün Bərdə, Şəki və Ucar Regional Toxum Nəzarəti və Sertifikatlaşdırma Laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, İsmayıllı, Göyçay və Zaqatala Dövlət Sort-sınaq xidmətlərinin bərpası və yaxşılaşdırılması, Şəki Dayaq Məntəqəsinin yenidən qurulması, arıçılığın inkişaf etdirilməsinə dəstəyin göstərilməsi, ətraf mühitin və landşaftın qorunması məqsədilə 50 hektar eroziyaya məruz qalmış ərazidə meşə bərpası və 100 hektar sahədə meyvə bağlarının salınması istiqamətində aidiyyəti üzrə razılıq əldə edilmişdir.

İFAD-ın (17-22 noyabr, 2016-cı il) və İslam İnkişaf Bankının (İİB) (21-26 noyabr 2016-cı il) növbəti missiyası ölkəmizdə səfərdə olmuşdur. Missiyanın məqsədi KYKİL-nin vəsaitinin yenidən bölüşdürülməsi ilə əlaqədar 2016-17–ci il üzrə İş Planı və Büdcəsində nəzərdə tutulmuş fəaliyyətlərin müzakirəsi, İFAD-ın ölkə üzrə yeni təyin edilmiş proqram menecerinin təqdim edilməsi və KYKİL çərçivəsində görülmüş işlərəin nəzərdən keçirilməsi olmuşdur.

Yevlax və Ağdaş rayonlarında fəaliyyət göstərən SİB-lərin suvarma ərazilərində suvarma və drenaj infrastrukturunun bərpası işləri ilə əlaqədar İslam İnkişaf Bankının nümayəndəsi Layihə ərazilərində olmuş Suvarma Sistemləri İdarəsinin və SİB-lərin nümayəndələrinin bərpa planına daxil edilmiş bəzi magistral, təsərrüfatlararası, təsərrüfatdaxili kanalların və onların üzərindəki hidrotexniki qurğuların mövcud vəziyyətlərinə yerində baxış keçirmişdir.

Heyvandarlıqda rentabelliyin və məhsuldarlığın artırılması yarımkompenenti çərçivəsində Respublika Süni Mayalama Mərkəzinə 1 ədəd “NİVA CHEVROLETT” markalı avtomobil, 1 ədəd “MAN” markalı yük maşını (5 kubmetr tutumlu, maye azot daşınması üçün çənlə birlikdə) və 1 ədəd “FİAT DUCATO” markalı aidiyyəti üzrə texniki göstəricilərlə təchiz edilmiş avtomobil mobil laboratoriya və informasiya yayım məqsədilə alınmışdır. 12 ədəd isə “NİVA” markalı, aidiyyəti üzrə texniki göstəricilərlə təchiz edilmiş avtomobil 12 rayon (Sabirabad, Salyan, Şamaxı, Lənkəran, Tovuz, Beyləqan, Bərdə, Göygöl, Ucar, Şəki, Quba, Qax) Regional Süni Mayalama Mərkəzləri üçün tədarük edilib paylanılmışdır.

Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşən “İkinci Kənd İnvestisiya Layihəsi”nin Kənd yerlərində İcma İnfrastrukturları komponenti çərçivəsində layihənin əhatə etdiyi Şimal-Qərb, Şimal, Muğan-Salyan, Düzən-Şirvan və Naxçıvan zonaları üzrə 2016-cı il ərzində cəmi 4 icma layihəsinin icrası başa çatdırılmışdır ki, bunlardan 1-i elektrik sisteminin bərpası və 3-ü yol təmiri olmuşdur.  Ümumilikdə tamamlanmış layihələrdən 4903 nəfər kəndli faydalanır. Daha 1 icmada isə layihə icra olunmaqdadır.

Layihənin Kənd İnfrastrukturu üçün Texniki Dəstək komponenti çərçivəsində hesabat dövründə 91 icmada 16682 nəfərə qədər kəndli səfərbərlik və 75 icmada 532 nəfər icma üzvləri isə təlim proseslərinə cəlb olunmuşlar.

Cari idarəetmə fəaliyyətləri ilə yanaşı, AzKİL 2-nin təsirini qiymətləndirmək məqsədi ilə hesabat dövründə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət AzKİL-2 Təsirinin Qiymətləndirilməsi Yekun Hesabatının ilkin versiyasını ingilis dilində hazırlayaraq AzKİL-in Layihə İdarəetmə Qrupuna təqdim etmişdir.

“İkinci Kənd İnvestisiya layihəsiƏlavə Maliyyələşmənin Kənd yerlərində İcma İnfrastrukturları komponenti çərçivəsində AzKİL-2 Əlavə maliyyələşmə dövrünün əhatə etdiyi Şimal-Qərb, Şimal, Muğan-Salyan, Düzən-Şirvan və Qarabağ  zonaları üzrə 2016-cı il ərzində cəmi 370 icma layihəsinin icrası başa çatdırılmışdır.  Başa çatdırılmış 366 icma layihəsindən 235-i yol təmiri, 53-ü icmada abadlıq işləri, 5-i bağça təmiri, 5-i məktəb təmiri, 46-sı içməli su təchizatı, 2-si elektrik sisteminin bərpası, 3-ü suvarma sisteminin bərpası, 6-sı drenaj kanallarının təmizlənməsi, 9-u tibb məntəqəsinin təmiri və 6-sı gəlirgətirən layihə olmuşdur. Başa çatmış layihələrdən ümumilikdə 913487 nəfər faydalanmaqdadır. Daha 12 icmada isə layihələr texniki icra mərhələsindədir.

Layihənin Kənd İnfrastrukturu üçün Texniki Dəstək komponenti çərçivəsində 107 icmada 19060 nəfər kəndli səfərbərlik və 122 icmada 843 nəfərə qədər kəndli isə təlim proseslərinə cəlb olunmuşlar. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda Maldarlığın və Süni Mayalanma Xidmətlərinin İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində süni mayalama (SM) texnikləri üçün hazırlanmış təlimat kitabı 900 nüsxədə və “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi  Qaydası” 1000 nüsxədə buraxılmışdır. 2016-cı ildə Göygöl rayonunda yerləşən Respublika Süni Mayalama Mərkəzində (RSMM) süni mayalama texnikləri üçün hər biri 5 gün olmaqla 12 təlim kursu keçirilmişdir. Hər bir təlim kursunda 7 nəfər texnik iştirak etmişdir.

SM texnikləri üçün 50 ədəd 20 litrlik maye azot konteynerləri və 100 ədəd çanta alınmışdır. Layihə fəaliyyətlərinə nəzarət edilməsi və monitorinqin aparılması məqsədilə 27 fevral-06 mart 2016-cı il tarixlərində FAO-nun missiyasının Azərbaycana səfəri zamanı layihə fəaliyyətləri nəzərdən keçirilmiş, müəyyən tövsiyələr verilmiş, növbəti fəaliyyətlər razılaşdırılmış və təlim keçmiş süni mayalama texniklərinin fəaliyyətlərinin qiymətləndirilməsi və monitorinqi aparılmışdır. FAO-nun beynəlxalq məsləhətçisinin Azərbaycana səfəri zamanı Göygöl Süni Mayalama Mərkəzində 04-08 aprel 2016-cı il tarixlərində keçirilən təlimin monitorinqini həyata keçirilmişdir. Layihə çərçivəsində RSMM üçün 34 200 ABŞ dolları məbləğində əyani vəsaitlər (təlim dəsti, skelet, sümüklər, palpasiya materialları və s. ) alınmışdır.

RSMM üçün hazırlanmış cinslər haqqında stendlərin (9 ədəd) və plakatların (16 ədəd) nəşrinə başlanılmışdır.

FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsinin icrasına 08-12 fevral 2016-cı il tarixlərində layihənin Başlanğıc Missiyasının Azərbaycana səfəri ilə başlanılmışdır.

Missiya zamanı 10 fevral 2016-cı ildə maraqlı tərəflərin iştirakı ilə layihənin bir günlük başlanğıc seminarı keçirilmiş, 11-12 fevral tarixlərində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin işçi heyətinə beynəlxalq məsləhətçi tərəfindən fitosanitar diaqnostika xidmətlərinin müasirləşdirilməsi üzrə əməliyyat planının hazırlanması mövzusunda 2 günlük təlim keçirilmiş, layihənin iş planı yenilənmişdir.

24-26 may 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) və Dövlət Gömrük Komitəsinin (DGK) müfəttişləri üçün bitkiçilik məhsulları yüklərinin idxalına baxış üzrə 3-günlük təlim seminarı keçirilmişdir. 28-30 iyun 2016-cı il tarixlərində DFNX və DGK müfəttişləri və laboratoriya işçiləri üçün karantin zərərverici orqanizmlərinin diaqnostikası əsasları üzrə 3 günlük təlim seminarı keçirilmişdir. Təlimlərdə 20 nəfər DFNX-nın əməkdaşı və 10 nəfər DGX müfəttişi iştirak etmişdir. 25 sentyabr – 2 oktyabr 2016-cı il tarixlərində layihə lideri, beynəlxalq məsləhətçinin Azərbaycana səfəri çərçivəsində layihənin ümumi gedişatı, iş planı, görülmüş və həyata keçiriləcək tədbirlər üzrə razılıqlar əldə edilmişdir. 27 və 29 sentyabrda nəzəri hissə Bakıda, 28 sentyabrda isə praktiki hissə Xaçmazda təşkil edilərək DFNX əməkdaşları üçün “Bitki məhsul yüklərinin ixracının sertifikatlaşdırılması” mövzusunda nəzəri-praktiki təlim keçirilmişdir.

DFNX və DGK işçiləri üçün layihə çərçivəsində 3 qrup üzrə ingilis dili kursları təşkil olunmuşdur. DFNX və DGK işçi heyətinin fitosanitar fəaliyyətlər üzrə beynəlxalq standartlar, qanunvericilik sistemi, sorğular, nəzarət, spesifik sahələr üzrə nümunələr barəsində geniş məlumatla təmin olunması məqsədi ilə “Azərbaycan Milli Bitki Mühafizəsi Təşkilatı və Laboratoriya Ekspertləri üçün Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının icrası” mövzusunda təlimin təşkili barəsində FAO və Latviya Dövlət Bitki Mühafizəsi Xidməti (DBMX) arasında razılıq əldə edilərək DFNX və DGK müfəttişləri üçün Latviyada DBMX tərəfindən 9-21 oktyabr 2016-cı il tarixlərində təlim təşkil edilmişdir.

Layihə çərçivəsində DFNX laboratoriyası üçün alınacaq avadanlıqlarla bağlı 2016-cı ilin dekabr ayında tender elan edilmişdir.

DFNX referent materiallar kolleksiyasının təkmilləşdirilməsi məqsədi ilə əlavə olunmalı material siyahısı DFNX tərəfindən hazırlanıb və materialların 2017-ci ilin ilk aylarında alınaraq DFNX-ya təqdim edilməsi nəzərdə tutulur.

FAO-nun Kənd Ərazilərində Yaşayan Qadınların Kəndin Davamlı İnkişafının Sosial-iqtisadi və Gender Aspektləri üzrə İmkanlarının Artırılmasına Dəstək layihəsi çərçivəsində 5-8 aprel 2016-cı il tarixlərində Bakı şəhərində təlimçilərin təlimi keçirilmişdir. Təlimdə  12 nəfər Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzindən (RAEİMM), 9 nəfər Salyan RAEİMM-dən və 9 nəfər Gəncə RAEİMM-dən və Kənd Təsərrüfatı Nazirliyin mərkəzi aparatından 3 nümayəndə olmaqla 33 məsləhətçi (48% qadın 52% kişi) iştirak etmişdir.

İştirakçılara əsasən gender anlayışı barədə məlumatlar verilmiş, praktik olaraq tətbiq etməklə müxtəlif gender fəaliyyətlərinin analizinin aparılması öyrədilmiş və kənddə vəziyyətin qiymətləndirilməsi aləti təcrübədən keçirilmişdir. Təlimdə həmçinin kənd məsləhət xidmətləri ilə bağlı gender problemlərinə dair müxtəlif məsələlər müzakirə edilmişdir.

Layihə çərçivəsində  2016-cı ilin may ayında 3 pilot rayonda keçirilmiş “Azərbaycanda heyvandarlıq və süd məhsullarının kiçik-həcmli emalı” mövzusunda təlimdə 45 kənd qadını iştirak etmişdir. Qadınların iştirakına şərait yaratmaq məqsədi ilə təlimlər Salyan, Quba və Samux rayonlarının hər birində keçirilmişdir.

29 iyun 2016-cı il tarixində keçirilmiş layihənin yekun seminarına Türkiyədən 7 nəfər Azərbaycana səfər etmiş, tədbirdə iştirak edərək öz fəaliyyətləri və eyni zamanda layihə çərçivəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermişlər.

Layihə və onun nəticələrinin ictimaiyətə elan edilməsi və məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə layihənin fəaliyyətləri, metodologiyalar və əldə edilmiş nəticələri əks etdirən broşür/leaflet hazırlanmış və nəşr edilmişdir. Eyni zamanda “Fermer və fərdi  təsərrüfatlarda keyfiyyətli süd və süd məhsullarının istehsal və emal texnologiyasının əsasları” adlı broşür və “Təlimçilərin Təlimi” üzrə təlimat hazırlanmış, hər biri 500 nüsxədə çap edilmişdir.

FAO-nun Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması layihəsi çərçivəsində 2 ədəd süni mayalanma avadanlığı Türkiyədən alınmış, 1 ədəd Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərində yerləşən Arıçılıq Mərkəzinə və 1 ədəd Arıçılar Assosiasiyasına təhvil verilmişdir.

Türkiyədə aparılmış testlərin nəticəsi olaraq, morfometrik cəhətdən müəyyən edilmiş və Qafqaz bal arısı kimi lazımi qaydada nişanlanmış, sağlam və məhsuldar olduğu aşkar edilmiş 100 ədəd arı ailəsi alınmışdır. Alınmış arı ailələrinin 40 ədədi seleksiya məqsədilə arıçılar assosiasiyasına, 60 ədədi isə təmiz Qafqaz bal arılarının süni mayalanması/çoxaldılması məqsədilə Arıçılıq Mərkəzinə verilmişdir.

FAO-nun beynəlxalq məsləhətçisinin missiyası zamanı layihə çərçivəsində alınmış arı ailələrinin vəziyyətinin, genetik təmizliyinin qiymətləndirilməsi aparılmış, bu koloniyalardan arı nümunələri toplanmış, Gəncə və Qax rayonlarında arıçılıqda süni mayalama və seleksiya işləri, ana arıların yetişdirilməsi, istehsalı və arı xəstəliklərinə nəzarət üzrə təlim kursu keçirilmişdir.

Gəncə və Qax rayonlarında süni mayalama fəaliyyətlərinin həyata keçirilməsini dəstəkləmək üçün Türkiyənin ANG Fondunun (Ali Nihat Gokyigit vakfi) əməkdaşı 25 iyun 2016-cı il tarixdən bir ay müddətində Azərbaycanda səfərdə olmuş və yerli mütəxəssislərə praktik təlimlər keçmişdir. Onun bir başa rəhbərliyi ilə Qax rayonu Api Delta özəl arıxanasında 150 ana arı yetişdirilərək süni mayalandırılmışdır və mayalanmış ana arılardan sürfələr alınmaqdadır. Arıçılıq Mərkəzində 50 ana arı yetişdirilmiş və süni mayalandırılmışdır.

Layihənin beynəlxalq işçi heyəti tərəfindən Azərbaycanda həyata keçiriləcək təlimlər üçün təlimat və tədris üzrə yardımçı vəsaitlər - “Ana arı yetişdirməsi” adlı kitab hazırlanaraq 500 nüsxədə nəşr edilmiş, eyni mövzuda video film hazırlanmış və hal-hazırda  Azərbaycan dilinə tərcümə edilir.

Layihə çərçivəsində alınmış pətəklərin qeydiyyatı aparılmış aylıq olaraq onlardan ana arının vəziyyəti, ballı çərçivənin sayı, sürfəli çərçivənin sayı, balın kütləsinin miqdarı haqqında hesabat əldə edilmiş və yaradılmış elektron məlumat bazasına daxil edilmişdir. Alınmış bütün arı pətəkləri və süni mayalanmış ana arılar qışa hazırlanmış və sağlam şəkildə qışlamağa verilmişdir. 23 arı koloniyasından işçi arı nümunələri toplanmış morfometrik və DNT analizləri aparılması məqsədilə Ankara/Türkiyəyə göndərilmiş və analizlərin nəticələri təqdim edilmişdir.

Türkiyənin arıçılıq sahəsində təcrübəsini öyrənmək məqsədilə Arıçılıq Mərkəzinin rəhbərliyinin 10-18 oktyabr 2016-cı il tarixlərində Türkiyəyə səfəri təşkil olunmuşdur.

21 - 26 noyabrda  layihənin beynəlxalq məsləhətçisi Api Delta özəl arıxanasına, Gəncə Arıçılıq Mərkəzinə və ana arı yetiştirmək üçün nəzərdə tutulan izolyasiya olunmuş əraziyə səfər etmişdir. Beynəlxalq Məsləhətçi tərəfindən “Ana arı yetişdirilməsi” mövzusunda 23-24 noyabr 2016-cı il tarixlərində Arıçılıq Mərkəzində təlim kursu keçirilmişdir. Təlimdə ölkənin müxtəlif rayonlarından 50-yə yaxın arıçısı iştirak etmişdir.

Hal-hazırda FAO tərəfindən hazırlanmış Arıçılar üçün təlimat kitabı Azərbaycan dilinə tərcumə edilir. Kitab yerli şəraitə uyğunlaşdırılaraq 1000 nüsxədə nəşr ediləcək və yerli arıçılara paylanacaqdır.

FAO-nun Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi layihəsi çərçivəsində cari ilin yanvar ayında çəyirtkə ilə bağlı araşdırmaların aparılması üzrə iki illik magistr təhsili üçün akademik təqaüd elan edilmişdir. Çəyirtkələr üzrə birgə tədqiqat işi 10-12 may 2016-cı ildə Gürcüstanın Kaxeti regionunda aparılmışdır. Azərbaycandan 3 nəfər ekspert Gürcüstana səfər edərək tədqiqatın işində iştirak etmişdir. Çəyirtkələrin vəziyyəti və proqnozlar üzrə milli bülleten hazırlanmışdır. 14-18 noyabr 2016-cı il tarixlərində Qazaxıstanın Astana şəhərində “Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrlə bağlı vəziyyət” mövzusunda seminar keçirilmiş və tədbirdə Azərbaycandan 2 mütəxəssis iştirak etmişdir.

FAO-nun "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması" layihəsi çərçivəsində ölkədə bütövlükdə ekoloji təmiz ərzaq zəncirinin inkişaf etdirilməsi məqsədi ilə ekoloji təmiz kənd təsərrüfatı sektorunun monitorinqinə cavabdeh olacaq ekoloji kənd təsərrüfatı üzrə səlahiyyətli qurumun yaradılması layihə tərəfindən təklif olunmuşdur. Hesabat dövründə bu istiqamətdə işlər davam edtirilmiş və Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birlikdə müştərək Komissiyanın yaradılması razılaşdırılmışdır. Layihə çərçivəsində fəaliyyət göstərəcək Sənədləşmə Mərkəzinə zəruri avadanlıq və ləvazimatlarlar alınmışdır.

Texniki işçi qrupu tərəfindən ekoloji təmiz kənd təsərrüfatı sahəsindəki cari qanunvericilik təhlil edilmiş və nəticədə, ekoloji təmiz məhsul istehsalını tənzimləyən milli qanunvericiliyin qiymətləndirilməsinin əsas nəticələri və bu sahənin qanunvericilik bazasını istinadedici beynəlxalq standartlar əsasında təkmilləşdirmək üçün tövsiyələr təqdim edilmişdir. Əkin dövriyyəsinə əməl etməklə Tərəvəzçilik Elmi–Tədqiqat İnstituna məxsus 1 ha pilot sahə ekoloji təmiz məhsul istehsalı üçün pomidor, kələm, lobya və sarımsaq bitkilərinin əkilməsi üçün hazırlanmışdır. Ekoloji təmiz kənd təsərrüfatına dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilərək ümumi strateji planlar və kənd təsərüfatı sektorunun inkişaf strategiyası nəzərdən keçirilmişdir. Ekoloji təmiz məhsul üzrə Metralogiya və Patent üzrə Standartlaşdırma Dövlət Komitəsi tərəfindən hazırlanmış standartlara dair təkliflər verilmiş və yol xəritəsi təklif edilmişdir. Əlaqədar dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və aidiyyəti qurumların funksiyası müzakirə olunaraq təkliflər verilmişdir. Ekoloji təmiz məhsul istehsal edən təsərrüfat və ekoloji təmiz məhsul üçün sertifikatlar nümunəsi hazırlanmışdır.

19-24 iyun 2016-cı il tarixlərində FAO-nun beynəlxalq məsləhətçisinin Azərbaycana səfəri zamanı Göyçay rayonunda yerli fermerlər üçün “Ekoloji təmiz nar istehsalı və marketinqi” mövzusunda, Zaqatala rayonunda fındıqçılıqla məşğul olan fermerlər üçün “Ekoloji təmiz fındıq istehsalı və marketinqi” mövzusunda təlim seminarları keçirilib.

FAO-nun beynəlxalq məsləhətçisinin Azərbaycanda səfəri zamanı 21 sentyabr 2016-cı il tarixində Bakı şəhərində “Ekoloji təmiz kənd təsərrüfatı istehsalında məlumatın toplanması sistemi” mövzusunda seminar keçirilmiş və seminarda aidiyyəti nazirliklərin və dövlət qurumlarının nümayəndələri iştirak etmişdir. 23 sentyabr tarixində Quba rayununda “Ekoloji təmiz kənd təsərrüfatı istehsalında əsas məsələlər” mövzusunda seminar keçirilmiş və seminara bölgəni əhatə edən rayonlardan istehsalçılar, emalçılar, QHT təmsilçiləri və digər maraqlı tərəflər iştirak etmişdir.

FAO-nun “Azərbaycanda Toxumçuluq Sektorunun İnkişafına Dəstək” layihəsi çərçivəsində 2016-cı ildə Quba rayonu Regional Toxum Müfəttişliyi Laboratoriyası üçün zəruri avadanlıqlar alınmışdır.

10-14 may 2016-cı il tarixlərində FAO-nun missiyası Azərbaycanda səfərdə olmuş və layihənin qanunvericiliklə əlaqədar komponenti çərçivəsində toxumçuluq haqqında və seleksiya nailliyyətləri haqqında milli qanunvericiliyin beynəlxalq qaydalara uyğunlaşdırılması üçün təhlillərin aparılması və təkliflərin hazırlanması məqsədilə müvafiq dövlət qurumları və digər maraqlı tərəflərlə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. “Toxumçuluq” və “Bitki Sortlarının Mühafizəsi” haqqında qanun layihələri hazırlanmışdır.

İsmayıllı rayonunun İvanovka kəndində 23-27 may 2016-cı il tarixlərində dənli bitkilərdə Fərqlilik, Eynilik və Sabitlik (DUS) və 1-2 iyun 2016-cı il tarixlərində Becərmə və İstifadə Dəyəri (VCU) sahəsində sort sınaqları üzrə FAO-nun beynəlxalq məsləhətçiləri tərəfindən təlim seminarları keçirilmişdir.1-4 oktyabr 2016-cı il tarixlərində Ağdam rayonunda Beynəlxalq Məsləhətçi tərəfindən dənli bitkilərdə, meyvə və tərəvəzlərdə Fərqlilik, Eynilik və Sabitlik (DUS) sort sınağı  üzrə 4-günlük təlim kursu keçirilmişdir. Təlimdə 21 nəfər ekspert iştirak etmişdir.

Taxıldöyən maşın, toxumsəpən və toxum təmizləyən avadanlıqların hər birindən iki ədəd olmaqla alınması üçün beynəlxalq tender prosesi başa çatmış, avadanlıqların 2017-ci ilin yanvar ayında Azərbaycana gətirilməsi gözlənilir.

FAO-nun “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın Hazırlanması və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihə” təklifi təşkilat tərəfindən təqdim edilmişdir. Layihənin məqsədi torpaqların konsolidasiyası üzrə milli strategiyanı həyata keçirməklə kənd yerlərində torpağa sahiblik mexanizmininin uzunmüddətli təkmilləşdirilməsi vasitəsi ilə Azərbaycanda kənd yerlərinin və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə verməkdən ibarətdir.

Azərbaycanda baramaçılığın inkişafı ilə əlaqədar olaraq Qax rayonu Barama stansiyasının yenidən qurulması və Azərbaycan Respublikasında 2014-2020-ci illərdə ipəkçiliyin inkişafı Konsepsiyası layihə sənədinin təkmilləşdirilməsi məqsədi ilə FAO-nun beynəlxalq experti 18 - 21 oktyabr 2016-cı il tarixlərində ölkəmizə səfəri zamanı yerlərdə vəziyyəti araşdırmaq üçün Gəncə şəhərində, Şəki və Qax rayonlarında olmuşdur. Qax rayonunda Barama stansiyasının yenidən qurulması üzrə təkliflər layihəsi hazırlanmaqdadır.

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” (FATP) Sazişin IV maddəsinin tələbinə əsasən yaradılmış Rəhbər Komitənin ilk iclası və “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının icrası” mövzusunda seminar aidiyyəti dövlət qurumlarının iştirakı ilə cari ilin 22 noyabr tarixində Bakı şəhərində keçirilmiş və həmin tədbirdə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə Əməliyyat Çərçivəsi təsdiq edilmişdir.

Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı” çərçivəsində alınacaq avadanlıqların yekun siyahısının dəqiqləşdirilməsi və Müzakirələrə dair Protokolun imzalanması məqsədilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Sisteminin (JİCS) beynəlxalq eksperti cari ilin 15-18 may tarixlərində ölkəmizə səfəri olmuşdur. Səfər zamanı ekspert Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Elmi Tədqiqat İnstitutları ilə müvafiq görüşlər keçirmiş, Kənd Təsərrüfatı Nazirliyi və JİCS arasında 18 may 2016-cı il tarixində sözügedən Qrant yardımı üzrə Müzakirələrə dair Protokol imzalanmışdır. Satın alınacaq avadanlıqların spesifikasiyaları, say həddi müəyyənləşdirilmiş və JİCS tərəfindən 23 adda avadanlığın alınması üçün keçirilmiş tenderdə qalib gələn “Ogawa Seiki Co., LTD” şirkəti ilə 28 noyabr 2016-cı il tarixində müqavilə imzalanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2013-cü il tarixli 77s nömrəli sərəncamı ilə Avropa Komissiyasının ‘‘Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Dəstək Proqramı’’ ilə bağlı Kənd təsərrüfatının müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və ‘‘ADA’’ Universiteti arasında 16 iyul 2015-ci il tarixində Kənd təsərrüfatı sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması nəticəsində hal hazırda tələbələr ‘‘ADA’’ Universitetində təhsil alırlar.

Proqram çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika baytarlıq Laboratoriyası üçün tələb olunan avadanlıqlar alınmış və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə təhfil verilmişdir.

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi Azərbaycan Respublikası Hökuməti və BMTİP tərəfindən imzalanmışdır. Layihənin əsas məqsədi ölkəmizdə biomüxtəliflikdə, ərzaq təhlükəsizliyində və torpaqların davamlı idarə edilməsində vacib rol oynayan və qlobal miqyasda nəsli kəsilmək təhlükəsinə məruz qalan bitki sortlarının qorunmasını və davamlı əsaslarla istifadəsini təmin etməkdən ibarətdir. Layihə ölkədə bitkilərin yabanı əcdadlarının və yerli sortların öz təbii ərazilərində mühafizəsinin gücləndirilməsini, bitkilərin becərilməsi məqsədilə genetik resursların müvafiq ehtiyatlarını təmin etmək üçün yabanı növlərin və yerli sortların mühafizəsinin artırılması və yerli sortların kənd təsərrüfatı üzrə ailə təsərrüfatlarında və kommersiya yönümlü təsərrüfatlarda məhsuldarlığının və istifadə müddətinin artırılması kimi fəaliyyətləri özündə ehtiva edir.