Kredit üçün müraciət qaydaları

  • Sahibkarlıq subyektləri kreditlərin ayrılması üçün müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətlərə baxılır, zəruri sənədlərin tərtib olunması və digər tələblərin müraciətçi tərəfindən icrası araşdırılır və kredit təşkilatları tərəfindən 15 gündən gec olmayaraq kreditin verilməsi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu verilir.

  • Bütün tələblər icra edildikdən sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Dövlət Xidmətinə sifariş göndərir. Dövlət Xidməti sifarişi alandan sonra 2 iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 iş günü müddətində borcalanın hesabına köçürür və bu barədə Dövlət Xidmətinə məlumat verir. Vəsaitlər müxbir hesaba daxil olandan bir gün sonra müvəkkil kredit təşkilatları borcalanlara vəsaitlərdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edirlər. Həmin tarixdən etibarən borcalanlar layihə çərçivəsində kredit vəsaitlərindən istifadə edirlər.  Sahibkarlıq subyektinə verilmiş kredit vəsaiti yalnız tam həcmdə geri qaytarıldıqdan sonra, ona Dövlət Xidmətinin vəsaiti hesabına yenidən kredit ayrıla bilər.