Aqrar sahədə innovasiya

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə həmin ilin respublikada “Kənd Təsərrüfatı ili” elan olunması kənd təsərrüfatının inkişafına yeni təkan vermiş və onun modernləşdirilməsini sürətləndirərək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etməklə, ölkənin aqrar potensialının geniş təbliğ olunmasına imkan vermişdir.

Fermerlərə qarşılaşdıqları problemlərin həllində yardım göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasında ilk dəfə olaraq Qubada “Fermer Evi” pilot layihəsi həyata keçirilmiş və Quba “Fermer Evi”nin əsas məqsədi Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında istehsalçıdan istehlakçıyadək məhsulların dəyər zənciri boyunca olan bütün proseslərində fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərin koordinasiyasını təşkil etməkdən ibarətdir.

Eyni zamanda "Fermer evi"ndə fermer və sahibkarlara yüksək və keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, heyvandarlığın, o cümlədən ətlik və südlük maldarlığın və qoyunçuluğun yeni tələblər səviyyəsində inkişafı, kənd təsərrüfatı məhsullarının marketinqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri üzrə məsləhət xidməti həyata keçirilir.

“Fermer Evi”nin əsas fəaliyyəti daxil olan müraciətlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi, fermerlərə bazara çıxışı asanlaşdırmaq məqsədilə kənd təsərrüfatı bazarları və məhsullarının qiymətləri barədə məlumatlarla təmin etmək, onların bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir.

Məsləhətçilər “Fermer Evi”nin məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, həşəratlar, gübrələr, bitki və heyvanların mühafizə tədbirləri, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair fermerlərə məsləhət xidməti göstərir.

“Fermer Evi”ndə fəaliyyət göstərən təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil edilir.

“Fermer Evi”nə daxil olan müraciətlər üzrə məlumat dövriyyəsi təşkil edilir və son məhsul əldə edilənədək “Fermer Evi”ndə çalışan mütəxəssis il ərzində vaxtaşırı olaraq fermerin sahələrinə baxış keçirir və müvafiq tövsiyələr verir. Onları lazımi təbliğat materialları ilə, bundan başqa hər hansı texnologiyanın mənimsənilməsi məqsədilə fermerlər üçün sahə nümayişi keçirilməsini təmin edir.

“Fermer Evi”nin işi tək məhsulun istehsalına kömək etməklə bitmir, eyni zamanda fermerə istehsal etdiyi məhsulun satışında da köməklik göstərilir. Satış sahəsində mütəxəssis məhsulun hara və hansı qiymətlərlə satılmasında fermerə yardımçı olur.