Ümumi məlumat

Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır.

Dövlət Agentliyinin əsas vəzifələri aşağıdakılardan ibarət olmuşdur:

  • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, meliorasiya, su təsərrüfatı və aqrar bölmənin digər sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün kreditlər cəlb etmək;
  • Beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə bağlanmış sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • Aqrar bölməyə cəlb edilən kreditlərin təyinatı üzrə istifadəsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • Kənd ərazilərinin inkişafına yönəldilmiş dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 03 oktyabr tarixli 761 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir.

Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti  haqqında Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquqi aktlarını rəhbər tutur.

Dövlət Xidmətinin strukturu 4 şöbə və 9 sektordan ibarətdir. Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi olaraq müəyyənləşdirilmişdir.

Hazırda Dövlət Xidmətinin rəisi Rüfət Bünyat oğlu Rüstəmzadədir.