Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Bakı Biznes Mərkəzində Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar geniş tədbir keçirilib.

Bayram tədbirində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov ötən illərdə görülən işlərdən və əldə olunan uğurlardan danışıb. Bildirib ki, aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Bu sahənin əsaslı inkişafı isə ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti illərinə təsadüf edir. Lakin sonradan 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında yaşanan tənəzzül kənd təsərrüfatından da yan keçmədi. Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı və digər əsaslı islahatlar həyata keçirildi və bununla da gələcək uğurların təməli qoyuldu. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də kənd təsərrüfatının inkişafı bunu əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aqrar sektorda pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb.

Bu ilin doqquz ayında kənd təsərrüfatında ümumi istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,6 faiz artıb. Aqrar sektorda aparılan islahatlardan danışan Heydər Əsədov qeyd edib ki, yüksək əlavə dəyərin yaradıldığı sənaye tələbatlı kənd təsərrüfatı məhsulları istehsalı istiqamətində görülən tədbirlərin müsbət nəticələri artıq öz bəhrəsini verməkdədir.

“Kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edib. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac 374,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz çoxdur. O cümlədən bu sahə üzrə ixracın əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı 41,5 faiz artaraq 306,5 milyon ABŞ dollarına çatıb. Ötən ildən etibarən kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq və tütünçülükdə əldə olunan ciddi dönüş bu məhsullar üzrə ixracda da özünü göstərib: 2017-ci ilin 9 ayında 25,2 min ton və ya ötən illə müqayisədə 2,3 dəfə çox həcmdə pambıq mahlıcı, həmçinin 2,9 min ton və ya ötən ildəkindən 1,8 dəfə çox tütün xammalı ixrac edilib”, - deyə Heydər Əsədov diqqətə çatdırıb.

Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılmasının üstünlüklərindən də danışan nazir vurğulayıb ki, ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.

Nazir Heydər Əsədov Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup kənd təsərrüfatı işçisinin təltif olunduğunu diqqətə çatdırıb, aqrar sektorda çalışanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov kənd təsərrüfatının inkişafı istiqamətində keyfiyyətcə yeni mərhələnin başlandığını vurğulayıb, dövlətimizin qeyri-neft sektorunun inkişafında aqrar sahəyə xüsusi önəm verdiyini deyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Qeyd olunub ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması fonunda ölkənin ixrac potensialından səmərəli istifadə olunması zərurəti meydana çıxıb. Belə bir şəraitdə kənd təsərrüfatının gəlirli və ixracyönümlü sahələrinin inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu, Azərbaycanda aqrar siyasətin prioritetlərindən biridir.

Sonra Azər Əmiraslanov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə bir qrup əməkdaşın təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qloballaşan dünya iqtisadiyyatında layiqli yer tutması və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İndi əsas vəzifə ölkədə yaradılan bu geniş potensialdan faydalanmaqla aqrar bölməni daha da inkişaf etdirmək, onun qanunvericilik bazasını müasir tələblərə uyğun təkmilləşdirmək, dövlət başçısının yürütdüyü müasir aqrar siyasətin uğurla həyata keçməsində fəal iştirak etməkdir.

“Tərəqqi” medalı ilə təltif olunmuş Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Teyyub Rzayev və Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşı Laləzar Heydərova onlara göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Bayram tədbirinin sonunda Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri İlham Bayramov tərəfindən “Kənd təsərrüfatı sahəsində informasiya sistemləri və innovativ texnologiyaların tətbiqi" mövzusu çərçivəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin layihəsi təqdim edilib.

2017-ci il 31 oktyabr tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 30 nəfər fermerin iştirakı ilə “Üzüm bağlarında payız-qış mövsümündə aqrotexniki və mütərəqqi inteqrir mübarizə tədbirlərinin aparılması” mövzusunda birgə elmi-praktiki seminar keçirilib.

Seminarın ilk hissəsində aqrar sahənin prioritet sahələrindən biri olan üzümçülük və şərabçılığın əhəmiyyətini nəzərə alaraq bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə məhsulun keyfiyyətinin artırılması istiqamətində aparılan elmi-tədqiqatlar, onların nəticəsinin tətbiqi və elmlə istehsal arasında səmərəli çevik əlaqələrin yaradılmasının vacibliyi barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.

Seminarda “Üzüm bağlarında payız-qış mövsümündə aqrotexniki və mütərəqqi inteqrir mübarizə tədbirlərinin aparılması”, “Üzümçülüyün və şərabçılığın milli standartlaşdırma sahəsində mövcud vəziyyəti”, “Yeni üzümlüklərin salınması texnologiyası”, “Sorta məxsus diferensial aqrotexnikanı tətbiq etməklə üzüm sortlarının tənəklərinə forma verilməsi qaydaları və vaxtı, tənəklərdə quru budama”, “Üzümlüklərin xəstəlik və zərərvericilərdən mühafizəsi”, “Üzüm bağının salınması üçün sahənin seçilməsi, bölgə üçün perspektiv sortların müəyyənləşdirilməsi və meliorativ tədbirlərin həyata keçirilməsi”, “İnteqrir mübarizədə istifadə olunan preparatların tətbiq xüsusiyyətləri” və “Üzümçülüyün mövcud problemləri və perspektivləri” mövzularında məruzələr edilib.

Daha sonra seminar iştirakçıları Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Ampeloqrafik kolleksiya bağı” ilə tanış olublar.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 27-də Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, yeni istifadəyə verilmiş rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Sonra nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən, fermerlərə güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Heydər Əsədov Masallı rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

Görüş zamanı Cəlilabad, Masallı, Lerik, Yardımlı və digər ətraf rayonlardan olan 51 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 1.222.900,00 manat məbləğində 73 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 488.870,0 manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 17 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub.

“Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

Qeyd olunub ki, indiyədək “Aqrolizinq” ASC-dən respublika üzrə 8100 istifadəçinin lizinqə götürdüyü 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 181.447.312 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.

Tədbir zamanı etibarlılıq müddəti bitmiş traktor və digər mexaniki vasitələri idarə etmək üçün 100 nəfərə yaxın mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz olunub, 1 nəfər imtahan verərək sürücülük vəsiqəsi alıb. 

 

Kənd Təsərrüfatı Nazirliyi südçülük dəyər zəncirinin iştirakçıları üçün beynəlxalq ekspertlərin iştirakı ilə təlim-seminar keçirib. Təlim-seminar Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə Nazirliyin cəlb etdiyi beynəlxalq məsləhətçinin hazırladığı “Azərbaycanda südçülük dəyər zəncirinin araşdırılması”nın ilkin nəticələri açıqlanıb. Kiçik, orta və iri süd istehsalçıları və süd məhsulları emalçıları ilə görüşən xarici ekspertlər bu sahədə mövcud vəziyyəti araşdırmaqla yanaşı, südçülüyün və süd məhsulları bazarının inkişafında Azərbaycanın böyük potensialının olduğu qənaətinə gəliblər. 

Azərbaycanda istehsal olunan südün böyük hissəsinin kiçik süd istehsalçılarının payına düşdüyünü vurğulayan ekspertlər onların özlərinə bazar tapmaqlarına, emalçılarla əlaqələrinin  yaradılmasına dəstək verilməsi gərəkdiyini bildiriblər. Ekspertlər Azərbaycanda süd istehsalı və emalının regionda yüksək nüfuzunun təmin edilməsi potensialını qeyd ediblər.

Tədbirdə iştirak edən süd istehsalçıları yem, dərman preparatları əldə edilməsi, müxtəlif avadanlıqların idxalı, ixtisaslı kadrların axtarışı zamanı xeyli problemlə qarşılaşdıqlarını, bu problemlərin həllində müvafiq dövlət qurumlarından dəstək gözlədiklərini bildiriblər. Espertlər fermerlərə kiçik süd istehsalı müəssisələrinin qurulması və fəaliyyəti, heyvan sağlamlığı, süd emalı müəssisələrinin fəaliyyəti barəsində məlumatlar veriblər.

Qeyd edək ki, “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində icra olunan “Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti ölkədə süd məhsulları dəyər zəncirini araşdırmaq və qiymətləndirmək məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edib və Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həmin beynəlxalq məsləhətçi ilə müqavilə imzalayıb. Məsləhətçi dəyərləndirmədən sonra ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlayıb Nazirliyə təqdim edəcək. Komponentin növbəti mərhələsində süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması (dizayn və qiymətləri) barədə layihələr təklif ediləcək.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bununla bağlı kənd təsərrüfatı sığortasının inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, xüsusilə Strateji Yol Xəritəsində nəzərdə tutulmuş kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi tədbirinin icrasının təmin edilməsi və bu sahədə yeni qanun layihəsinin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələrindən ibarət İşçi qrupu 19 oktyabr 2017-ci il tarixində Beynəlxalq Maliyyə Korporasiyasının mütəxəssisləri ilə birlikdə qanun layihəsinin yekun versiyası üzrə müzakirələr keçirmişdir.

Yeni qanun layihəsi ölkəmizdə aqrar sığortanın təkmilləşdirilməsini, müasir aqrar-sığorta modelinin hazırlanmasını, bu sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi normativ bazanın təşkil edilməsi və texniki bazanın yaradılmasını ehtiva edir.

Sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə müvafiq sahə üzrə maliyyə resurslarına çıxış imkanlarını təkmilləşdirəcək, aqrar sahəyə biznes marağı və investisiyaları təşviq edəcək, eyni zamanda, davamlı inkişaf və dayanaqlılığın artırılmasına, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də kənd təsərrüfatı məhsullarının ixracına birbaşa təsir göstərəcəkdir.

Yeni qanunun tətbiqi nəticəsində kənd təsərrüfatı sahəsinə xas olan risklərin qiymətləndirilməsini, aqrar sektorun maliyyələşdirilməsinin gücləndirilməsini, o cümlədən şəffaf və maliyyə cəhətdən davamlı olan kənd təsərrüfatı sığortası sisteminin fəaliyyəti kontekstində institusional və insan resursları potensialının inkişaf etdirilməsini özündə ehtiva edən sistemin təşkili üçün müvafiq şərait və zəruri texniki bacarıqlar yaradılacaqdır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadənin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti oktyabrın 10-dan 15-dək Vaşinqtonda keçiriləcək Dünya Bankı / Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün İllik Toplantısında iştirak edəcək.  

İllik toplantıda Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi" üçün hazırlanmış "Coğrafi İnformasiya Sistemi"nin təqdimatı keçiriləcək. Bu sistem icra olunan layihələrdə maliyyə şəffaflığının təmin edilməsində, dövlət və ictimai vəsaitlərə nəzarətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə imkanı verəcək.

Qeyd edək ki, sözügedən layihə tərəfindən indiyədək respublikamızın 56 rayonunda 2000-dək sosial-iqtisadi yönümlü icma əsaslı mikrolayihə həyata keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi Şurasının maliyyə yardımı ilə 27 sentyabr 2017-cı il tarixində  Samux şəhərində Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin “Kəndli-fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində treyninq-debat keçirib.

Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Samux rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahil  Həsənov çıxış edərək ölkəmizdə həyata keçirilən  islahatların kənd təsərrüfatının inkişafındakı rolundan geniş bəhs edib. Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin aparıcı məsləhətçiləri  Firudin Əmiraslanov və Elmir Qurbanov layihənin kənd təsərrüfatı və fermerlər üçün əhəmiyyətindən danışıblar.

İRÖİB-in sədri, layihənin koordinatoru, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev “Mövcud maliyyələşmə kanalları-Girov, faiz və əlçatanlıq”, “Alternativ maliyyə mənbələrinə çıxışın zəruriliyi-Ortaqlıq (muşaraka), vençur kapitalı (mudaraba), vədəli satış (murabaha) və icarə (lizinq)” mövzularında danışaraq, fermerlərə biznes təklifin işlənməsi üzrə praktiki nümunələr öyrədib.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev “Kəndli-fermer təsərrüfatlarında idarəetmədə qərar qəbulunda uçotun vacibliyi” mövzusunda çıxış edərək, “balans”, “mənfəət və zərər”ə dair hesabatların hazırlanmasını izah edib, konkret hadisələr əsasında nümunələr göstərib.

Qeyd edək ki, sözügedən layihə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını özündə ehtiva edir.

 

Car il sentyabrın 26-da Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Görüşdə əsas məqsəd Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) 3-cü mərhələsi üzrə danışıqların aparılması olub.

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycanda aqrar islahatların həyata keçirilməsində, kənd təsərrüfatının inkişafında Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdıraraq Birinci və İkinci Kənd İnvestisiya Layihələrinin müsbət nəticələrini verdiyini, infrastruktur layihələrin həyata keçirildiyini, icmaların yaranmasında, bazara çıxış imkanlarının yaxşılaşdırılmasında fermer və sahibkarların bacarıqlarının, məşğulluğunun və gəlirlərinin artırılmasında bu layihənin əhəmiyyətini vurğulayaraq, fermer və sahibkarların bundan bəhrələndiyini qeyd edib. 

Dünya Bankının layihə üzrə qrup rəhbəri Satoshi İşihara səmimi qəbula görə təşəkkürünü bildirərək Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edərək, bundan sonra da əməkdaşlığa önəm verdiyini bildirib. 

Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin Kənd İnvestisiya Layihələrinin Birinci və İkinci mərhələləri üzrə görülmüş işlər üzrə məlumat verərək, 2005-ci ildən bu günə qədər AzKİL çərçivəsində 1999 icma yönümlü layihə həyata keçirildiyini bildirib. Tara Şərəfudhin bu layihələrin əsasən infrastruktur layihələr olmaqla 1141 kənddaxili yolun bərpası, 262 içməli su sisteminin bərpası, 147 irriqasya və drenaj sisteminin bərpası, 42 məktəbin təmiri və bərpası, 21 uşaq bağçasının təmirı və bərpası, 200 icmada abadlıq işlərinin aparılması və s tədbirlərin həyata keçirildiyini və coğrafi xəritənin tərtib olunduğunu qeyd edib. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər son nəticədə icmaların formalaşmasına, bacarıq və vərdişlərin, o cümlədən əhalinin gəlirlərinin artırılmasına yönəlib.    

Dünya Bankının layihə üzrə qrup rəhbərinin müavini Tara Şərəfudhin AzKİL-3 layihəsi üzrə hazırlanmış konsepsiya  barədə məlumat verib. Bildirib ki, layihədə əsas məqsəd infrastrukturun hazırkı vəziyyəti, icmalarda potensialların və maliyyə çıxışlarının, kiçik sahibkarların dəstəklənməsi, gəlirlərin artırılmasında dayanıqlılığın, kənd əhalisinin bacarıqlarının və vərdişlərinin artırılması, beynəlxalq təcrübədən yararlanmaqla coğrafi informasiya sistemi üzrə məlumatların toplanması, (xəritələrin hazırlanması,) AZKİL 1 və  Azkil 2-nin nəticələrindən bəhrələnməklə icmal infrasturukturunun dayanıqlılığının artırılması, infrasturuktur  obyektlərin, o cümlədən AzKİL tərəfindən tikilmiş obyektlərin idarə edilməsində bacarıqların gücləndirilməsi, bələdiyyələrin  kənd yolları, kəndin su təchizatı sistemləri və digər infrastruktur obyektlərinin hüquqi sahibləri kimi öz öhdəliklərini tam yerinə yetirməsini təmin etmək məqsədilə onların maliyyə, texniki bacarıq və potensialında mövcud olan boşluqların aradan qaldırılmasıdır.

Nazir Heydər Əsədov layihənin səmərəliliyini artırmaq məqsədilə infrastruktur layihələrlə yanaşı aqrar yönümlü sahələrə də üstünlük verilməsinin vacibliyini bildirərək, Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, xüsusilə beynəlxalq təcrübədən yararlanmaqla süd və ət kəsimi məntəqələrinin yaradılması, bağların salınması, kooperativlərin yaradılması, terraslarda fındıq bağlarının salınması, tinglik təsərrüfatlarının yaradılması, bütövlükdə kompleks yanaşmanın vacibliyini vurğulayıb və layihəni bütövlükdə dəstəklədiyini bildirib.

Yekunda təkliflər nəzərə alınmaqla layihələrin təkmilləşdirilməsi, strateji qiymətləndirməni aparmaqla aqrar sektorda ehtiyacların müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

 

Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının müştərək layihəsi olan Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsinin (AZAFF) nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda növbəti seminarlarını cari il 25-26 sentyabr tarixlərində Tovuz və Şəmkir rayonlarında keçiriblər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən seminarlarda planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması mövzularında çıxışlar edilib.

Tədbirlərdə ümumilikdə 30-a yaxın fermer iştirak edib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmi məlumat toplusu – atlas hazırlayacaq.

Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin idarəçiliyində olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəhbərliyi ilə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında, o cümlədən onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada aşkar olunma coğrafiyası, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə ətraflı məlumatlar qeyd oluncaq.

Atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, o cümlədən ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq.

Atlasın çap ilə yanaşı, hər kəsin  əldə edə bilməsi üçün elektron formatda hazırlanması da nəzərdə tutulub.