Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər. Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 22-də Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Salyan, Neftçala, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Heydər Əsədov Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti xidmətləri üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35-dən çox vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciət lərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Heydər Əsədov Salyanda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

Tədbirdə Salyan, Cəlilabad, Biləsuvar, Neftçala, Astara, Yardımlı, Cəbrayıl, Masallı rayonlarından və Şirvan şəhərindən olan 69 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 milyon 202 min 930 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 272 min 844 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb, müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək 7980 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 162 milyon 176 min 59,42 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Salyanda Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsini, texnikaların dövlət qeydiyyatına alınmasını, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.

Bu məqsədlə Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının mexanizatorları Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin İnzibati binasına dəvət olunublar.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə texnikaların müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışdan keçmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, fiziki şəxslərin əlli manat, vəzifəli şəxslərin yüz manat, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimələnəcəyi izah edilib.

Sonda nazir Heydər Əsədov pambıq tədarükü məntəqəsinə gələrək pambığın saxlanması, nəmliyinin yoxlanılması, qurudulması, tayalara vurulması proseslərinə baxış keçirib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin idarəçiliyində olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikilir. İsrail təcrübəsinə uyğun müasir kompleks Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (TETİ) nəzdində fəaliyyət göstərəcək. Kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası, xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnotsitka laboratoriyasından ibarət olacaq. 

Hazırda kompleksin laboratoriya və inzibati otaqların yerləşəcəyi binasının tikintisi tamamlanmaq üzrədir.

Bundan başqa, birbaşa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 ha ərazidə istixanaların quraşdırılmasına başlanılıb. İstixanalarla bərabər, 30 ha açıq sahədə damcı ilə suvarma sistemləri quraşdırılacaq.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.

Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təmini üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiyanın bazarlarında “Made in Azerbaijan” brendi ilə satışa çıxarmağa imkan verəcək.

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri  və Kreditlərinin İdarə Edilməsi üzrə  Dövlət Xidmətinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Tərəvəzçilik  Elmi-Tədqiqat İnstitutunun və Şəmkir Dayaq Məntəqəsinin birgə təşkilatçılığı ilə 22 sentyabr 2017-ci il tarixində Şəmkir  rayonunda “Kartofun yığılması və saxlanmasının mütərəqqi texnologiyaları” mövzusunda elmi-praktiki seminar keçiriləcək.

Seminarda bölgənin qabaqcıl fermerlərinin, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin həmin bölgədəki müvafiq struktur bölmələrinin mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Ölkəni yüksək keyfiyyətli taxıl toxumu ilə təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi müasir toxum təmizləmə avadanlıqları alıb.

Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin idarəçiliyində olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində alınmış avadanlıqlar Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdində toxum təmizləmə məntəqələri kimi fəaliyyət göstərəcək.

Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqələrə toxumun ilkin təmizləməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən maşınlar daxildir.

Toxum təmizləmə məntəqələri yeni məhsuldar sortların yaradılması ilə məşğul olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun işlərində keyfiyyəti yüksəldəcək.

Bundan başqa, məntəqələr özəl toxum yetişdirən fermerlərə də xidmət göstərəcək. Toxum yetişdirən fermerlər öz toxumlarını bu məntəqələrə gətirməklə, yüksək keyfiyyətli təmizlənmiş toxum əldə edə biləcəklər. 

İlk məntəqə artıq Qobustan rayonunda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bölgə Stansiyasında quraşdırılıb. Bu tip məntəqə ölkəmizdə ilk dəfə quraşdırılır. Buna görə də istehsalçı firmanın mütəxəssisləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarını, eləcə də özəl toxumçuları avadanlıqlarla tanış etmək üçün sentyabrın 14-də Qobustanda seminar keçiriblər.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində 6 belə məntəqə açılacaq, alimlərə və özəl toxum istehsalçılarına xidmət göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə süd məhsulları dəyər zənciri araşdırılacaq və dəstəklənəcək. Dəyər zəncirinin araşdırılması və qiymətlən- dirilməsi məqsədilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edib. Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb.

Şirkətinin rəhbəri Stüart Rutleci Kənd Təsərrüfatı naziri Heydər Əsədov qəbul edib. 

Nazir süd məhsulları bazarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, son bir neçə ildə kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq sahəsinə də diqqət artıb. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə bir neçə gün əvvəl Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin açılmasının ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dönüş olacağını vurğulayan nazir süni mayalandırma ilə doğulan buzovlara görə dövlət tərəfindən subsidiya verildiyini bildirib. Bundan başqa, xaricdən gətirilən cins mal-qaranın “Aqrolizinq” ASC xətti ilə lizinq yolu ilə güzəştlə satılmasının da ölkədə daha məhsuldar cins heyvanların yetişdirilməsinə səbəb olduğunu əlavə edib.

“Ölkədə iri heyvandarlıq komplekslərinin yaradılması süd məhsulları dəyər zəncirinin əsasıdır. Buna görə də biz ölkənin bir sıra regionlarında iri heyvandarlıq müəssisələrinin yaradlması üçün layihələrin hazırlanması, iri istehsalçılarla yanaşı kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının inkişaf etdirilməsi, yem  ilə təminat və istehsal edilən məhsulun emalı üçün ailə təsərrüfatları ilə inteqrasiyalı fəaliyyətin təmin edilməsi istiqamətində iş aparırıq” – Kənd Təsərrüfatı naziri Heydər Əsədov qonağın diqqətinə çatdırıb.

Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə brusellyoz xəstəliyi təhlükəsinin tamamilə aradan qaldırılması kimi əhəmiyyətli fəaliyyətə başlayıb ki, bu da süd məhsulları istehsalına birbaşa təsir edəcək müsbət addımdır.

“Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə ölkənin süd məhsulları bazarı – istehsalçılar, istehlak həcmi araşdırılıb, dəyərləndiriləcək və ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Növbəti mərhələdə isə süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması (dizayn və qiymətləri) barədə layihələr təklif ediləcək. 

 

Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində müasir tipli ferma kompleksi tikilib. Kompleks 20 baş mal-qara və 4 baş at saxlamaq üçün 2 fermadan, müasir sağım aparatlarından, yem emalı aqreqatlarından, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıqlarından ibarətdir. Ferma kompleksi yeni tədris ilindən istifadəyə veriləcək.

Kompleksin yaradılmasında məqsəd Aqrar Universitetin baytarlıq təbabəti və zoomühən- dislik fakültəsinin tələbələrinə heyvanlar üzərində müasir diaqnostika və müalicə-profilaktika tədbirlərini əyani şəkildə həyata keçirməyə imkan yaratmaqdır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin idarəçiliyində olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində yaradılan ferma lazım olan avadanlıq və ləvazimatlar, 20 baş iribuynuzlu mal-qara və 4 baş atla yanaşı, yem bazasının yaradılması üçün müasir avadanlıqlarla təmin olunub.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər keçirəcək.

Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin idarəçiliyində olan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunur. Ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki üzrə keçiriləcək.

Belə ki, kartof bitkisi üzrə Tovuz rayonunda, qarğıdalı bitkisi üzrə Samux rayonunda və meyvə bağları üzrə Quba rayonunda zərərverici orqanizmlərə qarşı mübarizə üzrə təlimlər aparılacaq. Ekstensiv təlimlər sahə nümayişləri ilə də müşayiət olunacaq.

Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərini hazırda qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.

Qida təhlükəsizliyi üçün vacib addım kimi zərərvericilərə qarşı doğru mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısını almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq.a

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilən “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” (AZAFF) artıq iki ilə yaxındır ki, ölkəmizdə uğurla həyata keçirilir. Layihə çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş seminarların keçirilməsi ənənə halını alıb. Növbəti belə iki seminar 30-31 avqust 2017-ci il tarixlərində Şəki və Zaqatala rayonlarında keçirilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən seminarlarda planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması kimi məsələlərə toxunulub.

Seminarlarda 50-dən artıq yerli və ətraf rayonlardan olan fermer iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər. Kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 25-də Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax  rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Nazir Heydər Əsədov Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalara güzəştlərin tətbiq olunması, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Kənd təsərrüfatı naziri  Heydər Əsədov  Şəmkir şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

Tədbirdə Şəmkir, Tovuz, Goranboy, Qazax, Samux, Gədəbəy, Gəncə, Yevlax rayonlarından olan 90 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 2 463 451,6 manat məbləğində 148 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 967 369 manat məbləğində güzəşt  tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 19 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində  qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.  

İndiyədək 7860 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19339 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 155 366 837.22 manat məbləğində güzəşt tətbiq edilib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi tədbirini bu gün Şəmkir rayonunda təşkil edib.

Bu məqsədlə Şəmkir, Qazax, Gədəbəy, Ağstafa və Tovuz rayonlarının mexanizatorları Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin İnzibati binasına dəvət ediliblər.

Nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edilib.

Ümumilikdə, tədbir çərçivəsində 90 mexanizatorun vəsiqəsi dəyişdirilib.

Ölkədə aqrar sığorta mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti bu günlərdə Türkiyədə səfərdə olub, Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyində və TARSİM - Tarım Sigortaları Havuz İşletmesi şirkətində görüşlər keçirib.

Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrufatı İslahatlar Departamenti rəhbəri Abdullah Burak Keser Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi departamentin müvafiq şöbəsi - Tarım Sığortaları ve Doğal Afetler Daire Başkanlığı tərəfindən Azərbaycanda aqrar sığorta sahəsinin inkişafı üçün lazımi dəstək veriləcəyini bildirib. Bunun üçün hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq müqaviləsi və ya anlaşma memorandumunun imzalanması məqsədəuyğun hesab edilib.  

Nümayəndə heyətinin TARSİM - Tarım Sigortaları Havuz İşletmesi A.Ş. şirkəti rəhbərliyi ilə görüşündə qonaqlara mövcud sistemin iş prinsipi, həyata keçirilən fəaliyyətlər, zərər qiymətləndiriciləri, sığorta məhsullarının hazırlanması, risk təhlili və aktuar hesablamalar, habelə bu sahədə tətbiq olunan informasiya texnologiyaları barədə ətraflı məlumat verilib.

Burada da ölkəmizdə mövcud potensialın inkişaf etdirilməsi, zərər qiymətləndiricilərin təlimi, kənd təsərrüfatına təsir edən risklərin təhlili və qiymətləndirilməsi, informasiya texnologiyaların sahəvi tətbiqi və b. ilə əlaqədar yaxından dəstək veriləcəyi vurğulanıb.